Maliyyə Bazarlarına Nəzarət Palatası “Bank inzibatçılarının tutduğu vəzifələrindən azad edilməsi və bank lisenziyasının ləğv edilməsi ilə bağlı sanksiyaların tətbiqinə dair materiallara baxılması və onun nəticələrinin rəsmiləşdirilməsi Qaydası”nı təsdiqləyib.
FED.az xəbər verir ki, bu Qayda Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən Azərbaycanda fəaliyyət göstərən banklar və xarici bankların yerli filiallarının inzibatçılarının tutduğu vəzifələrindən azad edilməsi və bank lisenziyasının ləğv edilməsi ilə bağlı sanksiyaların tətbiqinə dair materiallara baxılması və onun nəticələrinin rəsmiləşdirilməsi qaydasını müəyyən edir.
Qayda aşağıdakı kimdir:
Bank inzibatçılarının tutduğu vəzifələrindən azad edilməsi və bank lisenziyasının ləğv edilməsi ilə bağlı sanksiyaların tətbiqinə dair materiallara baxılması və onun nəticələrinin rəsmiləşdirilməsi Qaydası
1. Ümumi müddəalar
1.1. Bu Qayda “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 50.1-ci maddəsinə uyğun olaraq hazırlanmışdır və Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası (bundan sonra – Palata) tərəfindən Azərbaycan Respublikasında fəaliyyət göstərən banklar və xarici bankların yerli filiallarının (bundan sonra – bank) inzibatçılarının tutduğu vəzifələrindən azad edilməsi və bank lisenziyasının ləğv edilməsi ilə bağlı sanksiyaların (bundan sonra - sanksiya) tətbiqinə dair materiallara baxılması və onun nəticələrinin rəsmiləşdirilməsi qaydasını müəyyən edir.
1.2. Bu Qaydada istifadə edilən “inzibatçı” anlayışı Qanunda müəyyən edilmiş mənanı ifadə edir.
1.3. Bu Qaydanın məqsədləri üçün “səlahiyyətli şəxs” dedikdə, bank inzibatçısının tutduğu vəzifədən azad edilməsi ilə bağlı sanksiyaya münasibətdə Palatanın İdarə Heyətinin (bundan sonra – İdarə Heyəti) sədri, bank lisenziyasının ləğv edilməsi ilə bağlı sanksiyaya münasibətdə İdarə Heyəti başa düşülür.
2. Sanksiyanın tətbiqinə dair materiallara baxılması
2.1. Qanunun 47.1-ci maddəsində nəzərdə tutulan əsaslara görə bank inzibatçısının tutduğu vəzifədən azad edilməsi, Qanunun 16-cı maddəsində nəzərdə tutulan əsaslara görə bank lisenziyasının ləğv edilməsi barədə qərar müvafiq səlahiyyəti şəxs tərəfindən qəbul edilir.
2.2. Sanksiyanın tətbiqi ilə bağlı qərar Palatanın bank fəaliyyətinə nəzarət üzrə struktur bölməsi (bundan sonra – struktur bölmə) tərəfindən hazırlanmış araşdırma hesabatı (bundan sonra – hesabat) və ona əlavə edilmiş sənəd və məlumatlar əsasında qəbul edilir. Struktur bölmə inzibatçının tutduğu vəzifədən azad edilməsi ilə bağlı Qanunun 47.1-ci maddəsində və bank lisenziyasının ləğv edilməsi ilə bağlı Qanunun 16-cı maddəsində nəzərdə tutulmuş hallardan hər hansı birinin və ya bir neçəsinin baş verdiyini nəzərdə tutan aşağıdakı mənbələrlə əldə edilmiş məlumatlar əsasında sanksiyanın tətbiqi ilə bağlı məsələyə dair araşdırmaya başlayır:
2.2.1. nəzarət səlahiyyətlərinin həyata keçirilməsi zamanı əldə olunmuş məlumatlar;
2.2.2. səlahiyyətlərinə aid edilmiş məsələlər üzrə Azərbaycan Respublikası Mərkəzi Bankının əsaslandırılmış yazılı müraciəti;
2.2.3. istehlakçı və ya investorlardan daxil olan şikayətlər;
2.2.4. kütləvi informasiya vasitələrində yayılmış məlumat;
2.2.5. dövlət orqanlarının və digər qurumların müraciəti;
2.2.6. mənbəyi məlum olan digər məlumatlar.
2.3. Struktur bölmə bu Qaydanın 2.2-ci bəndi ilə nəzərdə tutulmuş məlumatlar ona məlum olduğu tarixdən 5 (beş) iş günü müddətində struktur bölməyə kuratorluq edən İdarə Heyətinin üzvünə bu barədə yazılı formada məlumat verir.
2.4. Struktur bölməyə kuratorluq edən İdarə Heyətinin üzvü tərəfindən bu Qaydanın 2.3-cü bəndi ilə müəyyən edilmiş məlumat təhlil edilərək sanksiyanın tətbiqi ilə bağlı araşdırmanın başlanmasına dair qərar qəbul edilir və 3 (üç) iş günü müddətində bu barədə müvafiq səlahiyyətli şəxsə yazılı formada məlumat verilir.
2.5. Araşdırma prosesi bank inzibatçılarının tutduğu vəzifədən azad edilməsinə münasibətdə 30 (otuz), bank lisenziyasının ləğv edilməsinə münasibətdə 90 (doxsan) təqvim günü müddətində tamamlanır. Bu müddət araşdırmanın yekunlarının müvafiq səlahiyyətli şəxsə təqdim edildiyi anadək olan bütün mərhələləri əhatə edir.
2.6. Araşdırmanın məqsədləri üçün bankdan məlumatların və (və ya) sənədlərin əldə edilməsi üçün banka icra müddəti göstərilməklə sorğu ünvanlana bilər.
2.7. Araşdırmanın məqsədləri üçün müvafiq məlumata malik olan bankın inzibatçısından məsələyə dair yazılı və ya şifahi izahat tələb edilə bilər. Bankın inzibatçısı tərəfindən izahatın verilməsindən imtina edilməsi araşdırmanın yekunlarına müvafiq olaraq ona qarşı sanksiya tətbiq edilməsini istisna etmir.
3. Sanksiyanın tətbiqinə dair araşdırmanın nəticələrinin rəsmiləşdirilməsi
3.1. Araşdırma yekunlaşdırıldıqdan sonra bu Qaydanın 2.5-ci bəndi ilə müəyyən edilmiş müddət çərçivəsində araşdırma yekunlarına dair hesabat tərtib edilir və toplanmış materiallarla birlikdə struktur bölməyə kuratorluq edən İdarə Heyətinin üzvünə təqdim edilir.
3.2. Struktur bölməyə kuratorluq edən İdarə Heyətinin üzvü tərəfindən toplanmış materialların sanksiyanın tətbiqi üçün kifayət qədər və əsaslı olduğu müəyyən edilərsə, 5 (beş) iş günü müddətində toplanmış materiallar müvafiq hesabat ilə birlikdə yekun qərarın qəbul edilməsi üçün müvafiq səlahiyyətli şəxsə təqdim olunur.
3.3. Struktur bölməyə kuratorluq edən İdarə Heyətinin üzvü tərəfindən toplanmış materialların sanksiyanın tətbiqi üçün kifayət qədər və əsaslı olmadığı müəyyən edilərsə, başlanılmış araşdırmaya xitam verilir və bu barədə müvafiq səlahiyyətli şəxsə yazılı məlumat verilir.
3.4. Sanksiyanın tətbiqinə dair qərarın qəbul edilməsi zamanı aşağıdakı amillər nəzərə alınır:
3.4.1. inzibatçıların tutduqları vəzifələrdən azad edilməsi ilə bağlı sanksiyanın tətbiqi məsələsi üzrə:
3.4.1.1. törədilmiş pozuntunun xarakteri və nəticələri;
3.4.1.2. törədilmiş pozuntuda iştirak dərəcəsi;
3.4.1.3. barəsində qərar qəbul edilən şəxsin pozuntu törədilmiş sahə üzrə məsuliyyət dərəcəsi;
3.4.1.4. şəxsiyyəti xarakterizə edən hallar (səmimi peşmanlıq, işlədiyi yer üzrə müsbət və ya mənfi xarakterizə olunma və s.);
3.4.2. bank lisenziyasının ləğv edilməsi ilə bağlı sanksiyanın tətbiqi məsələsi üzrə:
3.4.2.1. törədilmiş pozuntunun xarakteri və nəticələri;
3.4.2.2. pozuntunun baş verməsi faktı ilə bağlı bankın Palatanı təxirəsalınmadan və tam şəkildə məlumatlandırması;
3.4.2.3. bankın törətdiyi əvvəlki pozuntular və həmin pozuntuların aradan qaldırılması məqsədilə Palatanın göstərişlərinin yerinə yetirilməsi, habelə onların nəticələrinin aradan qaldırılması ilə bağlı görülmüş tədbirlər.
3.5. İnzibatçılara qarşı sanksiya tətbiq edilən zaman barəsində qərar qəbul ediləcək inzibatçı qərar qəbul edilmədən əvvəl dəvət edilir və görüş protokollaşdırılır. Bu zaman həmin inzibatçı tərəfindən məsələ ilə bağlı sənədlər, məlumatlar və digər əsaslar təqdim edilə bilər.
3.6. Müvafiq səlahiyyətli şəxs tərəfindən sanksiyanın tətbiqinə dair toplanmış materiallara baxıldıqdan sonra aşağıdakı qərarlardan biri qəbul edilir:
3.6.1. araşdırılmış hallar və təqdim edilən sənədlər natamam hesab edildiyi təqdirdə, əlavə olunması tələb olunan məlumat və (və ya) sənədlər, habelə son icra müddəti göstərilməklə hesabatın tamamlanması üçün geri qaytarılması barədə;
3.6.2. araşdırılmış hallar və təqdim edilən sənədlər əsasında müvafiq olaraq, inzibatçının tutduğu vəzifədən azad edilməsi və ya bank lisenziyasının ləğvi barədə;
3.6.3. araşdırılmış hallar və təqdim edilən sənədlər əsasında sanksiyanın tətbiqi üzrə başlanılmış araşdırmaya xitam verilməsi barədə.