Bank sektoru həm gəlirlilik və də status baxımından karyera üçün cəlbedici olmaqla yanaşı, ilk baxışdan həm də təhlükəsiz peşələrdən biri sayılır. Təmiz, səliqəli, kitabxana kimi sakit ofislər, əl altındakı kofe aparatları, mütəmadi bonuslar, unudulmaz korporativlər…
Bank işçiləri üüçün ofisdən kənar «ən təhlükəli» fiziki iş – müəssisəyə və ya istehsal sahəsinə baxış və ya girovun qiymətləndirilməsi ola bilər.
Amma bank sektorundakı iş rejimi - uzun müddət oturaq iş, kompüterlə işləmək bütün ofis işçiləri kimi bank işçilərində də sağlamlıq riskləri yaradır. Əlavə olaraq işin yüksək stressi işçilərə daha mənfi təsir edir – iri məbləğlərlə əməliyyat aparan və problemli müştərilərlə işləyən bank əməkdaşları daim stress altındadırlar və bu da son nəticədə özünü bankirlərin sağlamlığında göstərir.
FED.az xəbər verir ki, bank işçilərinin özlərinin yaxşı bildiyi bu mövzu bir qədər əvvəl Hindistanda «Indian Journal of Community Medicine» jurnalında dərc olunan araşdırma zamanı da təsdiqlənib. Araşdırma «səliqəli və pullu» bank sektorunda əməkdaşların çoxsaylı sağlamlıq risklərini ortaya çıxarıb. Əsas problemlər yüksək qan təzyiqi, artıq çəki və piylənmə, dayaq-hərəkət sistemi problemləri və göz yorğunluğu olub.
Araşdırma bütün Hindistanı əhatə etməyib – yalnız Mumbay şəhərində fəaliyyət göstərən banklarından birinin 160 əməkdaşı arasında aparılıb. İştirakçıların yaşı 25–60 arasında dəyişib, yəni araşdırmada təkcə yaşlı adamların deyil, gənclərin də sağlamlığı yoxlanılıb.
Stress = qan təzyiqi: işçilərin 60%-i əziyyət çəkir
Araşdırmanın ortaya çıxardığı əsas nəticələ yüksək təzyiq olub. Məlum olub ki, 160 nəfərin 40-da (25%) hipertoniya var. Yeri gəlmişkən, bu 39 nəfərin 16-sı xəstəliyindən xəbərdar olsa da, 23 nəfəri xoşagəlməz xəbəri - hipertonik olduğunu bu araşdırmada öyrənib.
Ən pis nəticə isə budur ki, ümumiyyətlə 160 bank işçisinin cəmi 28-də təzyiq problemi olmayıb, qalan 132 nəfərdə isə təzyiqlə bağlı az və ya çox dərəcədə problem var. Yəni hipertonik olmasalar da bu mərhələnin astanasındadırlar.
Hər 10 nəfərin 6-da artıq çəki və ya piylənmə çıxıb
Bank sahəsində çalışanların aclıqdan əziyyət çəkmədiyi məlumdur, əvəzində onların əksəriyyətinin artıq çəki və piylənmə prbolemi varmış. Araşdırma göstərib ki, 160 nəfərin təqribən 100-də artıq çəki və piylənmə aşkar edilib. Bunlardan 17-si piylənmə, 80- nəfər isə artıq çəkidən əziyyətçəkir.
Kreslo+kompüter = bel və boyun problemi
Araşdırmada üzə çıxan digər «red flaq»lar ofis işçilərinin tez-tez rastlaşdığı ənənəvi problemlərdir – ümumilikdə dayaq-hərəkət sistemi, daha dəqiqi bel və boyun ağrıları və fəsadları. Araşdırmada hər 3 bank işçisindən 2-si etiraf edib ki, son bir ildə bel və boyun ağrıları onu narahat edib.
FED.az xəbər verir ki, narahatlıqlar bel, boyun, çiyin, ayaqlar, dizlər, hətta əllər – biləklərə də aid olub. Başqa sözlə, hər üç bank işçisindən birində boyun, hər 10 nəfərdən dördündə isə bel ağrısı müşahidə edilib.
Araşdırmada kompüter qarşısında işləməyin təsirləri də öyrənilib, çünki indi ofisləri kompütersiz təsəvvür etmək mümkün deyil, hər iş kompüterlə həll olunur. Nəticədə sağlamlığı araşdırılan 160 bankirin 40 nəfəri göz yorğunluğundan şikayət edib.
Kresloda birdəfəyə 3 saat oturub müştərilərlə mübahisə edirlər
Əslində bel-boyun problemlərinin səbəbi aydındır – bütün ofislərdə olduğu kimi, bankda da oturaq rejimdir, işçilər masa arxasından saatlarla qalxmırlar. Bu araşdırma da göstərir ki, işçilərin 60%-i fasiləsiz 1–3 saat, 16%-i isə 3 saatdan artıq masa arxasında oturur. Üstəlik, əməkdaşların böyük əksəriyyəti - 80%-dən çoxu masadan durub idman eləmir. Üstəlik, bəzi əməkdaşlar işdən sonra da işlədiklərini bildiriblər.
Azərbaycanda belə halı təsəvvür etmək çətindir – bizdə bank əməkdaşları və müştərilər arasında mübahisə adətən telefonda, artıq tutulan faizlər, yüksək komissiyalar və ya gecikdirilən kreditlərlə bağlıdır.
Amma Hindistanda aparılan araşdırmada, bank əməkdaşlarının hər 3-dən 2-də stress tapılıb. Daha dəqiqi, stress bütün işçilərdə var, sadəcə onlardan 35%-i onun aşağı səviyyədə olduğunu bildirib.
Araşdırmada üzə çıxan maraqlı məqalardan biri odur ki, rəyi soruşulanların 25%-i, yəni hər 4 nəfərən biri müştərilərlə şifahi mübahisə yaşadığını bildirib. Stressə baxmayaraq bankirlərin əksəriyyəti işindən narazı deyil. Hər halda Hindistandakı sorğu göstərib ki, 55% işindən razı, 16% isə çox razıdır. İşçilərdən yalnız 6%-i bankdakı həyatından narazı və ya çox narazı olub.
Gənclər, bank yaxşıdır? Düzgün seçim etmisiniz?
Hindistanda aparılan araşdırmada gənc bank işçilərinin sağlamlığına ayrıca yer ayrılıb. Bu da başa düşüləndir, araşdırma müəllifləri sektordakı iş mühitinin gənclərin sağlamlığına təsirini araşdırmaq istəyiblər.
Və nəticələr göstərib ki, gənclərdə bəzi xəstəliklərin diqnozundan əvvəl, riskləri görünür. Məsələn məlum olub ki, gənclərin 64%-i prehipertoniya mərhələsindədir, 60%-dən çoxunda artıq çəki və ya piylənmə var, hər 3 işçidən 2-də bel-boyun ağrıları var, 62%-i isə stress içərisindədir. Yəni artıq indidən gənc bankirlərdə gələcəkdə inkişv edə biləcək xəstəliklərin ilk əlamətləri ortaya çıxır.
Bankirlər, heç olmasa ofisdə idman edin
Amma hər şey o qədər də pis deyil, ən azı tədqiqat müəllifləri və onların müraciət etdikləri ekspertlər bildirir ki, banklarda müntəzəm analiz və müayinələr aparılsa, fiziki aktivlik artırılsa bu problemlərin bir hissəsinin qarşısını almaq olar. Bundan başqa, bankirlərə bütün ofis işçilərinə verilən ənənəvi tövsiyyələr - iş zamanı fasilələr və yüngül idman hərəkətləri, ekran qarşısında çox oturmamaq, fasilə vermək, stressin idarə olunması və sair addımlar işçilərin sağlamlığını qoruya bilər.













