Xəbər verildiyi kimi, avqustun 14-də Nardaranda “Sea Breeze” istirahət mərkəzində faciə baş verib - hovuzda su nasosuna düşən 4 yaşlı Abdullayev Akif Cavid oğlu vəfat edib.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bununla əlaqədar olaraq “Sea Breeze” istirahət mərkəzinin sahibi, iş adamı Emin Ağalarov şəxsi instaqram səhifəsində paylaşım edərək açıqlama yayıb. İş adamı açıqlamasında bildirib ki, baş verən hadisənin bütün halları, o cümlədən uşağın hovuzun texniki zonasına - çəpərlərin arxasında su nasoslarının işlədiyi əraziyə necə düşməsinin səbəbləri araşdırılır".
O bildirib ki, istirahət mərkəzinin bütün zonaları, obyektləri FHN və müvafiq qurumlar tərəfindən mütəmadi olaraq yoxlanılır. Akvapark üçüncü mövsümdür ki, fəaliyyət göstərir və bu müddət ərzində 350 min nəfərdən çox qonağı qəbul edib.
Emin Ağalarov bildirib ki, baş verən hadisə ilə əlaqədar bütün təhlükəsizlik tədbirləri yenidən yoxlanılacaq və gücləndiriləcək. İş adamı “Sea Breeze”də faciə ilə üzləşmiş ailəyə bütün lazımi dəstək və yardım göstəriləcəyini bildirib.












