Azərbaycanda dövlət dəstəyi ilə təqdim olunan aqrar sığorta mexanizminin əhatə dairəsi genişlənir, sığortadan istifadə edən təsərrüfatların sayı artmaqdadır.
Aqrar Sığorta Fondunun məlumatlarına görə, 2026-cı ilin ilk 6 ayında ölkə üzrə 341 min hektardan artıq əkin sahəsi və 3 300-dən artıq kənd təsərrüfatı heyvanı sığortalanıb.
Xatırladaq ki, Aqrar Sığorta Fondu tərəfindən 41 bitki və bitki məhsulu, eləcə də mal-qara və xırdabuynuzlu heyvanlar sığortalanır. Aqrar sığortaya dövlət dəstəyi – subsidiya tətbiq edilir, yəni sığorta haqqının 50%-i dövlət tərəfindən ödənilir. Nəticədə fermerlər cüzi məbləğ ödəməklə təsərrüfatlarını sığortalaya bilirlər.
Hesabat dövründə ölkə üzrə əkin sahələrinin sığortalanması ilə bağlı 54 829 sığorta müqaviləsi bağlanılıb və 341 224 hektar əkin sahəsi sığortalanıb. Aqrar Sığorta Fondu tərəfindən sığortalana bilən 41 bitki və bitki məhsulundan 32-si üzrə sığorta müqaviləsi bağlanılıb.
Bunlara taxıl bitkiləri – arpa, buğda və çəltiklə yanaşı, qarğıdalı, pambıq, qoz, fındıq, alma, nar, şaftalı, üzüm, tütün, nektarin, badam, xurma, gilas, çay, ərik, naringi, armud, zeytun, limon, günəbaxan, qarpız, heyva, portağal, yonca, alça, pomidor, baş soğan və sair daxildir. Hesabat dövründə Azərbaycanın bütün rayonlarında, o cümlədən işğaldan azad olunmuş ərazilərdə də əkin sahələri sığortalanıb.
Sığortalanan əkin sahələrinin böyük hissəsi arpa (167 min hektar), buğda (148 min hektar) və qarğıdalının (11 min hektar) payına düşür. Aqrar Sığorta Fondu tərəfindən sığortalanmış əkin sahələri üzrə 11 milyon 941 min manat sığorta haqqı toplanıb, sığorta təminatının məbləği isə 458 milyon manatdan artıq olub.
2026-cı ilin yanvar–iyun aylarında Aqrar Sığorta Fondu tərəfindən ölkə üzrə 3 344 baş kənd təsərrüfatı heyvanı sığortalanıb. Bu müqavilələr üzrə 4 milyon 349 min manat sığorta haqqı toplanıb və təsərrüfatlara 24,1 milyon manat məbləğində sığorta təminatı verilib.
Ümumilikdə, ilin ilk yarısında təsərrüfatların sığortalanması üzrə 16 milyon 291 min manat sığorta haqqı toplanıb, ümumi sığorta təminatı isə 482,4 milyon manat təşkil edib.
Hazırda ölkədə çəltik və qarğıdalı sahələrinin sığortalanması davam edir. Aqrar Sığorta Fondu bu sahədə çalışan fermerləri və təsərrüfatları avqustun 20-dək çəltik və qarğıdalı sahələrini sığortalamağa çağırır.
Aqrar Sığorta Fondunun göstərdiyi xidmətlər, aqrar sığorta şərtləri və sığorta haqlarının məbləği barədə məlumatları Aqrar Sığorta Fondunun rəsmi internet səhifəsi vasitəsilə və ya 1651 Çağrı Mərkəzinə zəng etməklə almaq mümkündür.





![Fermerlər 16,3 milyon manat ödəyib, 482,4 milyon manatlıq təminat alıblar –[red] AQRAR SIĞORTA [/red] | FED.az](/upload/news/small/4849130.png)
![Fermerlər 16,3 milyon manat ödəyib, 482,4 milyon manatlıq təminat alıblar –[red] AQRAR SIĞORTA [/red] | FED.az](/upload/news/small/2961340.png)
![Fermerlər 16,3 milyon manat ödəyib, 482,4 milyon manatlıq təminat alıblar –[red] AQRAR SIĞORTA [/red] | FED.az](/upload/news/small/3291109.png)
![Fermerlər 16,3 milyon manat ödəyib, 482,4 milyon manatlıq təminat alıblar –[red] AQRAR SIĞORTA [/red] | FED.az](/upload/news/small/2886131.png)
![Fermerlər 16,3 milyon manat ödəyib, 482,4 milyon manatlıq təminat alıblar –[red] AQRAR SIĞORTA [/red] | FED.az](/upload/news/small/3571343.png)







