Almaniyanın böhranla üzləşmiş avtomobil sənayesində vəziyyət çətinləşməkdədir.
FED.az xəbər verir ki, bu ilin ilk 6 ayında avtomobil zavodlarında işləyənlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 42 min 300 nəfər və ya 5,8 faiz azalıb.
Almaniyanın Federal Statistika İdarəsinin (Destatis) məlumatında bildirilir ki, azalmadan sonra alman avtomobil sənayesində çalışanların sayı 691,5 min nəfərə düşüb.
Bu da 2005-ci ildən bəri qeydə alınan ən aşağı göstəricidir. Buna baxmayaraq, avtomobil sənayesi Almaniyada maşınqayırmadan sonra ikinci ən böyük sənaye sahəsi olaraq qalır. Maşınqayırma sahəsində 905 min 900 nəfər çalışır.
Avtomobil sənayesində ən ciddi azalma ehtiyat hissələri və aksesuar istehsalında qeydə alınıb. Bu sahədə məşğulluq 7,6 faiz azalaraq 219 min 500 nəfərə düşüb. Avtomobil və mühərrik istehsalında isə azalma 6,1 faiz təşkil edib.
Ümumilikdə Almaniyanın emal sənayesində çalışanların sayı bir il ərzində 2,7 faiz azalaraq 5,29 milyon nəfərə enib.












