Kredit kartları bankın ayırdığı kredit limiti çərçivəsində müştəriyə nağd və nağdsız əməliyyatlar zamanı istifadəyə imkan verən bir bank məhsuludur. Öncəki bazar araşdırmalarımızda taksit imkanı olan kredit kartlarının banklardakı şərtlərini təhlil etmişdik. Əslində taksit imkanı olan kartlar da kredit kartlarının bir növü sayılır , lakin həmin kartların bəzilərində nağd istifadə ilə bağlı müəyyən məhdudiyyətlər tətbiq olunur və əsasən bu kartların taksit özəllikləri qabardılır. Banklarımız tərəfindən təklif edilən taksit kartlarına misal olaraq Bolkart, Albalı Plus, Paykart, Smilecard, Wolrdcard və s. misal göstərə bilərik.
Lakin biz bugün taksit imkanı olan kartlar haqqında deyil, sırf kredit xətti imkanı olan kartlar haqqında danışacağıq. Bu məhsulu təklif edən bankların şərtlərinə nəzər saldıqda bəzi oxşar və fərqli cəhətlərin şahidi olduq. Misal üçün, demək olar ki əksər banklarda kredit xəttlərinin müddəti 12 aydır. Bu kartların bəzilərində güzəşt müddəti (grace period) yalnız nağdsız əməliyyatlara, bəzilərində həm nağd həm də nağdsız əməliyyatlara tətbiq olunsa da bir neçə bankda bu imkan ümumiyyətlə yoxdur.
Monitorinq qrupumuz öz araşdırmalarında daima adekvat mövqedən çıxış edərək oxucular üçün bütün şərtləri mənfi və müsbət tərəfləri ilə təhlil edir. Bu məqaləmizdə də mövqeyimizi dəyişmədik və məhsul şərtlərini sadə və rahat müqayisə olunacaq formada Sizlər üçün təhlil etdik.
Düşünürük ki, aşağıdakı cədvəl Sizlərin kredit kartları haqqında olan əksər suallarınıza cavab tapmaqda kömək edəcək. Bir məqamı vurğulamaq istərdik ki, kredit kartları istehlak kreditlərinin bir növü olduğu üçün gəlirləri təsdiq edən sənədlər (iş yerindən arayış, elektron arayış və ya maaş kartı hesabından çıxarış) əsasında rəsmiləşdirilir.