Dariuş Katsprşik 2019-cu ilin may ayından “AccessBank”ın Müşahidə Şurasının üzvüdür. Varşava İqtisadiyyat Məktəbinin (SGH) Daxili Ticarət və Xidmət üzrə bakalavr dərəcəsini və Varşava Universitetinin İdarəetmə üzrə magistr dərəcəsini alıb. Cənab Katsprşik həmçinin Beynəlxalq İdarəetmə Məktəbinin MBA dərəcəsini alıb və IESE Biznes Məktəbinin Menecment Proqramını bitirib, bank sahəsində 30 illik təcrübəyə malikdir. FED.az . Dariuş Katspşiklə müsahibəni təqdim edir:
- Bank sektorunda bu qədər təcrübəsi olan bir mütəxəssislə danışmaq həmişə maraqlıdır. Deyə bilərsinizmi, bu peşəni niyə seçmisiniz?
- Əslində bankçılıq karyerasına təsadüfən başladım. 1989-cu ildə - Polşada transformasiya prosesi yeni-yeni başlayanda mən işsiz qaldım. O dövrdə bank işi çox da prestijli sayılmırdı. Özəl banklar hələ formalaşmamışdılar, çünki ilk 9 özəl bank Mərkəzi Bankdan fəaliyyətə başlamaq üçün yenicə icazə almışdır. Beləliklə, bankda ilk işimi əmək birjasının köməkliyi ilə tapdım. Hiperinflyasiya dövründə Dövlət Əmanət Bankında kassir kimi işə başladım. O dövrdə Mərkəzi Bankın rüblük faiz dərəcəsi 49%, illik 196% idi. Daha sonra Avropa Birliyi tərəfindən hazırlanan yardım proqramı çərçivəsində “Banco Bilbao Vizcaya”da təqaüd qazandım və bir neçə ay İspaniyanın bank sektorunda işlədim. Bank işinin yalnız əməliyyatlardan ibarət olmadığını anlayanda özümü bankçılıqdan başqa bir sahədə təsəvvür edə bilmədim. Polşaya döndükdən sonra xarici əməliyyatlar, maliyyələşdirmə və korporativ bankçılıq sahəsində təcrübə qazandım. Beləliklə, sıravi kassirdən Polşa İnkişaf Bankının (Bank Gospodarstwa Krajowego) CEO-su vəzifəsinə yüksəlməyim 23 il çəkdi.
- Bəs necə oldu ki, “AccessBank”ın Müşahidə Şurasının üzvü oldunuz?
- “AccessBank”ın əsas səhmdarlarından biri olan Avropa İnvestisiya Bankının namizədi olaraq Müşahidə Şurasının üzvü oldum. Daha öncəki illərdə “AccessBank”la onlarla layihədə əməkdaşlıq etmişdim. Ancaq bu uzunmüddətli münasibətlərə baxmayaraq, bu vəzifəni əldə etmək elə də asan olmadı. Belə ki, bu vəzifə üçün bir neçə namizəd müraciət etmişdi, sonda isə mən qalib gələrək bu vəzifəyə seçildim. Hazırda beynəlxalq komanda, maraqlı bazar və ölkədə işlədiyim üçün çox xoşbəxtəm!
- “AccessBank” 2002-ci ildən Azərbaycanda mikromaliyyələşdirmə lideridir. Sizcə, bank hədəf auditoriyasını genişləndirməlidirmi?
- Mövcud vəziyyəti nəzərə alaraq, düşünürəm ki, genişlənmək əvəzinə, innovasiya və xidmətlərdən məsafədən yararlanmaq imkanlarına fokuslanmaq lazımdır. Fikrimcə, “AccessBank”ın mikromaliyyələşdirmədə lider mövqeyini qoruyub gücləndirməsi, həmçinin yeni səviyyəyə çatdırması üçün ilk növbədə çoxlu diqqət və resurs tələb olunacaq.
- Avropa və Azərbaycan bank sektorları arasında hansı oxşar və fərqli cəhətləri görürsünüz?
- Fikrimcə, Azərbaycandan fərqli olaraq, Avropa Mərkəzi Bankı tənzimləyici bazaya bir qədər mühafizəkar yanaşmaq məcburiyyətində qaldı. Digər tərəfdən, Avropa İttifaqının ödəmə xidmətləri barədə Direktivası (PSD2 - EU Payment services Directive) bank olmayan qurumlara ödəmələr də daxil olmaqla, tipik bank bazarlarına daxil olmaq imkanı təqdim etdi. Aİ-da ümumi bazarda fəaliyyət göstərən bütün oyunçular eyni qaydalara tabe olsalar da, bəzi yerli özəlliklər var. Məsələn, Polşada digər ölkələrlə müqayisədə mobil bankçılıq və kart həlləri çox inkişaf edib. Burada nağdsız əməliyyatlar olduqca geniş yayılıb və təmassız kartlar bütün kartların 90%-dan çoxunu təşkil edir. Almaniya və Avstriyada isə hətta böyük şəhərlərdə belə, cibdə nağd pul olmadan, yaşamaq çox çətindir.
Nəhayət düşünürəm ki, mövcud bazar vəziyyətində bəzi fərqlərə baxmayaraq, həm Azərbaycan, həm də Avropa eyni problemləri həll etməyə çalışır: həddindən artıq rəqabət, qiymətlərə təzyiq, yeni məhsulların tətbiqi, kibertəhlükəsizliyi qorumaq və s. Bundan əlavə, koronavirus nəticəsində bizdə yeni tələblər formalaşıb - xidmətlərdən məsafəli istifadə, müştərilərdən özünə xidmətin artması və s.
- Koronavirus pandemiyası zamanı və daha sonra dünya iqtisadiyyatının vəziyyətini necə görürsünüz? Hazırda bank sektorunda nə baş verir və Azərbaycanda bank sektorunda tətbiq olunacaq innovasiyalar hansı dəyişikliklər yaradacaq?
- Koronavirus həyatımızda çox şeyi dəyişdi. Fikrimcə, bəzi dəyişikliklər daimidir və onlar yeni vərdişlərə çevrilərək əbədi olaraq bizimlə qalacaq. Evdən işləmək təcrübəsi insanların peşə fəaliyyətində özünü kifayət qədər effektiv göstərdi. Bu da şübhəsiz ki, ofislərin icarəsi bazarına təsir edəcək.
Karantin rejimi həmçinin pərakəndə ticarətə də təsir edib. Getdikcə daha çox insan onlayn ticarətə üz tutur. Bu isə kuryer xidmətlərinə olan tələbi artırır. Əksinə, bəzi xidmətlərə tələb isə kəskin şəkildə azalır. Bu səbəbdən onlar risklərinə yenidən nəzər yetirməlidirlər. Ümumiyyətlə, tamamilə yeni bir mühitə və yeni tələblərə sürətlə uyğunlaşmalıyıq. Avtomatlaşdırma, özünə xidmət, mobil bankçılıq və kibertəhlükəsizlik günümüzün əsas “döyüş meydanlarıdır”.
- Karantindən sonrakı dövrdə Azərbaycan iqtisadiyyatının bərpası və ölkənin bank sektoru üçün potensial risklərin qarşısını almaq üçün həyata keçiriləcək prioritet tədbirlər üçün nə tövsiyə edə bilərsiniz?
- İnanıram ki, maksimum daha çox müəssisəni xilas etmək və bu günlərdə inkişaf edə bilənlərin inkişafına dəstək olmaq üçün mümkün olan hər şeyi etmək lazımdır. Həmçinin, sahibkarlara daha münasib təkliflər təqdim etmək, perspektivli müəssisələri fərdi maliyyələşdirmə ilə dəstəkləmək, konkret filiallara uyğun yeni məhsullar yaratmaq lazımdır. Əminəm ki, belə çətin günlərdə müştərilərə dəstək olmağımızın bəhrəsini yaxın gələcəkdə mütləq görəcəyik.