Azərbaycana xarici ölkələrdən gətirilən ikinci əl avtomobillərlə bağlı məhdudiyyətlər tətiq edilə bilər.
FED.az xəbər verir ki, Azərbaycanda fəaliyyət göstərən avtomobil şirkətləri artıq aidiyyatı qurumlara bununla bağlı təkliflərini veriblər.
Eləcə də bax: «Bu məlumatları bizim rəqiblərimiz yayır» - «CHEVROLET»DƏN AÇIQLAMA - MÜSAHİBƏ
Xatırladaq ki, 2015-ci ildəki devalvasiyadan sonra Azərbaycanda dolların və nəticə olaraq xarici yeni maşınların bahalaşması, eləcə də əhalinin alıcılıq qabiliyyətinin azalması səbəbindən yeni avtomobillərin satışı kəskin azalıb. Üstəlik, bir qədər əvvəl bank sektorunda kredit risklərinin daha yaxşı tənzilənməsi üçün avtomobil kreditlərinin şərtləri sərtləşdirildi. Nəticədə hazırda yeni avtomobil almaq üçün 50%, işlənmiş maşının alınması üçün isə 80% ilkin məbləğ tələb olunur. Bu da yeni avtomobillərin satışının azalmasına və daha ucuz olan işlənmiş, ili köhnə maşınların axınına səbəb olmuşdu. Yaranmış vəziyyət yeni avtomobillərin satışını kəskin azaldıb.
Eləcə də bax: DYP rəhbərliyi, nömrə satışı və nasaz avtomobillərlə bağlı suallara - CAVAB - MÜSAHİBƏ
Başqa bir problem də yaranıb. Avtomobil şirkətləri iddia edirlər ki, xaricdən gətirilən keyfiyyətsiz avtombillər bəzi brendləri gözdən salır və onların satışına mane olur.
Nəticədə rəsmi dilerlər vəziyyəti dəyişmək üçün hökumətə təkliflər veriblər. Bir qədər əvvəl səslənən təkliflərdə avtomobil kreditlərinin şərtlərinin yumşaldılması təklif edilirdi. İndi isə məsələ bir qədər də ciddiləşib.
İri Avtomobil şirkətləri ölkəyə maşın alverçilərinin gətirdiyi işlənmiş avtomobillərlə bağlı yeni məhdudiyyətlərin tətbiqini istəyirlər.
Təkliflərin hazırlandığı qurum olan Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasında (AADA) belə müzakirələrin aparıldığı və təkliflərin verildiyi təsdiqlənib. AADA-nın sədri Natiq Zərbəliyev FED.az-a bildirib ki, Assosiasiya bu məsələ ilə bağlı hökumətə 7 təklif verib, amma onlar hələlik müzakirə mərhələsindədir: «Burada söhbət heç kimin imicindən yox, hərəkətin təhlükəsizliyindən və ekologiyadan gedir. Hökümət qurumları ilə dəyirmi masalar keçirilib, sentyabrda müzakirələr davam etdiriləcək». – deyə assosiasiya rəhbəri bildirib.
Gömrük rüsumu artırılsın, ili 2010-dan yuxarı olsun
Bununla yanaşı, FED.az-ın avtomobil bazarından əldə etdiyi məlumata görə, hökumətə təqdim edilən təkliflərdə Avtomobil dilerləri ölkəyə gətirilən işlənmiş avtomobillərlə bağlı bir sıra qadağa və məhdudiyyətlərin tətbiq edilməsini istəyiblər.
Təkliflərə görə, ölkəyə gətirilən bütün marka ikinci əl avtomobillərin istehsal ili hazırki 2006-dan 2010-cu ilə qaldırılmalıdır.
Bundan başqa, ölkəyə yalnız «avro-5» standartlı avtomobillərin gətirilməsi, işlənmiş avtomobillər üçün gömrük rüsumlarının daha da artırılması təklif edilib.
Bazar iştirakçılarından biri FED.az-a bildirib ki, tətbiq ediləcək yeniliklər arasında ən tutarlısı «ikinci əl» avtomobillərə gömrük rüsumlarının artırılmasıdır. Onun sözlərinə görə, hazırda rəsmi distrubüterlərin gətirdiyi yeni maşınlarla işlənmiş maşınlara olan gömrük rüsumu demək olar ki, eynidir.
ABŞ-dan «normal» avtomobil gətirilmir
Bazar iştirakçıları bildirirlər ki, xaricdən gətirilən avtomobillərin bir hissəsi, hətta yarıdan çoxu vurulmuş və ya suya düşmüş maşınlardır.
Şirkət rəsmiləri bildirir ki, məsələn ABŞ-da hərraca «normal» avtomobil çıxarılmır: «ABŞ-da hərraca çıxarılan bütün maşınlar ya vurulmuş ya da suda batmış avtomobillərdir».
Başqa bir problem də var – ABŞ-dan gətirilən bütün avtomobillər haqqında internetdə avtomobilin ban nömrəsini yazmaqla maşın haqqında ətraflı məlumat almaq olar. Amma digər ölkələrdə baza toplusu elə zəngin olmadığı üçün başqa ölkələrdən gətirilən avtomobillərin keçmiş tarixi haqqında ətraflı məlumat almaq olmur. Bu da ölkəyə keyfiyyətsiz avtomobillərin gətirilməsi ilə nəticələnir.