İndi bəhs edəcəyim avtomobillər Cenevrə avtosərgisində jurnalistlər tərəfindən çox maraqla qarşılanıblar. Lakin bu avtomobillər Azərbaycana gəlməyəcəklər. Onların arasında çox maraqlı avtomobillərə rast gəlmək mümkündür.
Ortaölçülü krossover olan "Ford Edge"-nin(2018) ikinci nəsli Azərbaycanda peyda olmadı. Bu Kuga və Explorer arasında böyük bir boşluqdur. İndi isə avtomobilin restaylinq versiyası təqdim edildi. Radioator barmaqlıqları bir qədər qövsvarı olan "Ford Edge"in (2018) faraları da bir qədər işlənərək daha brutal sima alıb. Azərbaycana Ford Edge (2018) restaylinq versiyasının da gələcəyinə ümid yoxdur.
Ford Ranger Azərbaycanda sifarişlə satılır. Bu cür avtomobillərin sayı ölkəmizdə barmaqla sayılacaq qədərdir. Cenevrədə təqdim edilən restaylinq versiyası yenə də deyəsən sifarişlə gələcək. "Ford"un rəsmi nümayəndəliyi bu pikapın gətirilməsində maraqlı deyil.
Bizdə elektrik avtomobillərinə maraq 0 dərəcəsindədir. Bir neçə dəfə "Hyundai"ın rəsmi nümayəndəsi Auto Azərbaycan öz sosial şəbəkəsində "Hyundai İonic"in ölkəyə tezliklə gətirilməsi barəsində anons tipli paylaşımlar edib. Amma bu avtomobil gətirilsə belə, böyük tələbat olacağına heç kim zəmanət vermir. Hyundai İonic 88 kilovatlıq elektrik mühərriki ilə təhciz edilib. Akumlyatorun həcmi 22 kVts-dır. Koreyalılar bu avtomobilin bir tam elektrik yığması ilə 170 km məsafə qət etdiyini söyləyirlər. Avtomobilin hibrid versiyası da mövcuddur ki, bu zaman qət edilən məsafə sayı daha çox olacaq. Yeri gəlmişkən artıq Hyundai İonic Gürcüstanda satışa çıxıb.
Renault ZOE - Avropada ən çox satılan elektrik avtomobilidir. Təsadüfi deyil ki, bu avtomobilin yenilənmiş versiyasının ətrafında daha çox insan toplanmışdı. Əsas dəyişiklik yenilənmiş elektrik mühərrikidir. Onda artıq 80 kVt-ıq güc var. Bundan öncəki versiyadan 12 kilovat güclü bir mühərrikdir. Bunun sayəsində avtomobil daha dinamikdir. Zoe saatda 100 km-i 11.4 saniyəyə yığır. Renault-un yerli nümayəndəliyi isə heç müasir Renault avtomobilləri gətirməkdə və satmaqda çətinlik çəkir, nəinki bu elektrocar olsun.
Şkoda bizdə sevilmir. Çex əsilli alman istehsalı olan bu avtomobilin satışları çox aşağı səviyyədədir. Yeni Fabia da bu üzdən Azərbaycana gəlməyəcək. Dəyişilmiş radiator barmaqlıları, işıq diodları ilə təhciz edilmiz yenilənmiş faralara biz yalnız Avropada olsaq tamaşa edəcəyik. Fabia mühərriklərinin sırasından dizel mühərriki çıxdı. Artıq kapot altında yalnız 60-100 a t güclü diapazonunda çalışan benzin mühərriki olacaq.
SsangYong Musso pikapı keçən il təqdim edilmiş Rekston-un platformasında hazırlanıb. Arxa hissə resor üzərindədir. Və ağır yük daşımaq üçün nəzərdə tutulmayıb. Musso ağır yük üçün deyil, şəxsi fermer fəaliyyəti ilə məşğül olanlar üçün nəzərdə tutulub. Kapot altında 2.2 litrlik , 181 at güclü mühərrik gizlənir. Baza versiyası arxa çəkicilidir. 4x4 tam qoşulmalı transmissiya üçün əlavə ödəniş etməli olacaqsınız.
Qolf sinfinə məxsus hetçbek Toyota Auris-in 3-cü nəsli 3 mühərriklə təqdim edildi. Baza mühərriki 1.2 litrlik, 117 at güclü turbo mühərrikdir. İki variantda hibrid mühərrik də istifadəyə təqdim edilir. 1.8 litrlik mühərrik 122 at gücü, 2.0 litrlik mühərrik isə 180 at gücü hasil edir. Auris bizə gəlməyəcək. Yeni Carolla isə mütləq gələcək.
Çox təəsüf ki, bizdə Toyota yalnız irihəcmli Prado ilə xarakterizə edilir. Cenevrə avtosərgisində isə Prado yox idi. Amma kiçik Toyota Aygo gəlmişdi. Bizdə tanınmır, Avropada isə çox sevilir. X-face dizayn üslubunda hazırlanan bu avtomobil 72 at gücünə sahibdir. Aygo avtomatik əyləcləmə, zolağın tanınması kimi bir çox funksiyalara sahibdir. 3 silindrli benzin mühərriklə şəhər küçələrində şütüyür. Amma bu şəhər Bakı deyil.
Keçən payız kompakt VW Polo təqdim edildi. İndi isə onun idman modifikasiyalı GTİ versiyası sürücülərin ixtiyarına verilir. Hər zaman olduğu kimi bu tip avtomobillərdə avtomobil aerodinamik asqıya sahib olub. Salonda oturacaqlar sürücünü daha möhkəm "qucaqlayır". Və Volks avtomobillərinə məxsusu dama-dama oturacaq dizaynı avtomobilin interyerinə əlavə rəng qatır. Kapot altında isə 2 litrlik 200 at güclü turbo mühərrik sahibinin əmrlərinə müntəzirdir. Saatda 100 km-i 6.3 saniyıyə yığacaq Polo-nun maksimal sürəti saatda 237 km-dir.
Volvo V60. Siz Bakıda yeni Volvo neçə ədəd görmüsünüz ? İsveç avtomobil əsərinin ortaölçülü universalı bizə gəlməyəcək. Biz ümidlə yeni V60 Cross Country-nin gələ biləcəyini gözləyə bilərik. Artırılmış klirens, kuzanın daha yaxşı mühafizəsi belə bu markanı bizdə populyar etmir. Ola bilər rəsmi nümayəndəliyin bu markanı daha yaxşı təbliğ etməməsinin göstəricisidir.(avtostop)