Azərbaycanda arıçılıq qədim ənənələrə malik kənd təsərrüfatı sahələrindən biridir. Ölkənin zəngin florası, əlverişli iqlim şəraiti və təbii müxtəlifliyi bu sahənin inkişafı üçün geniş imkanlar yaradır. Arıçılıq həm kənd əhalisinin əlavə gəlir mənbəyi kimi, həm də kənd təsərrüfatının ekosistemində mühüm rol oynayan fəaliyyət sahəsidir. Ölkəmizdə hər il bal süzümü artır.
Bəs bu il ölkədə nə qədər bal süzülüb?
FED.az biznes və maliyyə xəbərləri portalının məlumatına görə, Arıçılar Assosiasiyasının prezidenti Bədrəddin Həsrətov bildirib ki, bu il Azərbaycanda təxminən 7 min tondan artıq bal süzülüb. “Bu il süzülən 7 min tondan artıq balın 50-60%-i istehlak üçün Bakıda satılıb”. Onun fikrincə, bölgələrdə baldan çox da istifadə edilmir.
Quşçuluq və arıçılıq təsərrüfatlarının sığortalanması planlaşdırılır
Bal mütəxəssisi qeyd edib ki, növbəti ildən balın qiymətinin artacağı gözlənilir.
“Qiymət artımı arı ailələrinin xeyli azalması ilə bağlıdır. Son ildə sürətli arı ölümləri baş verib. Belə olan halda bal qiymətlərinin artacağını qeyd etmək olar. Yay fəslinin sonu, payızın əvvəlindən arı ölümləri sürətləndi. Hazırda arı sayı 30-40% azalıb. Digər qidaların qiyməti də bahalaşır, lakin balın qiyməti stabil qalıb. Ümumiyyətlə son 10 ildə balın qiymətində artım cüzi olub”.
B.Həsrətov qeyd edib ki, dünya bazarı ilə müqayisədə Azərbaycan balı bahalı ballar sırasındadır: “Hazırda ölkəmizdə bazarda balın 1 kiloqramı 25 manatdan başlayır və 50 manatadək davam edir. Kəlbəcər, Laçın ballarının 1 kiloqramı 40-50 manat aralığında dəyişir. Ümumilikdə keyfiyyət baxımından Azərbaycanın bütün bölgələrində süzülən ballar eyni dərəcəlidir”.
O bildirib ki, hələlik Azərbaycandan xarici ölkələrə bal ixrac edilmir, lakin buna ciddi cəhdlər edilir: “Bir neçə ölkəyə, o cümlədən Qətərə və Dubaya bal nümunələri göndərilib. Həmçinin Amerika Birləşmiş Ştatları ilə də danışıqlar aparılır. Sadəcə həmin ölkələrə ixracla bağlı qiymətdə razılığa gələ bilmirik. Dünya bazarında bal iki seqmentdə dayanır. Birincisi sıradan, adi ballar, məsələn, qarabaşaq, günəbaxan sahələrindən toplananlar. Həmin növ ballar aşağı qiymətə satılır. İkinci növ isə vəhşi təbiətdən toplanan ballardır. Bu növ bal daha qiymətli olur”.
B.Həsrətovun fikrincə, hələlik Azərbaycan öz balını dünyaya tanıtmağı bacarmır, bunun üçün dövlət səviyyəsində böyük layihələr icra edilməlidir.
“Azərbaycan təbiətini, bitki örtüyünü, relyefini, bal növlərini göstərən videoçarxlar hazırlanmalıdır. Bu istiqamətdə beynəlxalq sərgilərdə iştiraklar təmin olunmalıdır. Məhz bu növ proseslərin icrasından sonra dünya bazarına çıxış rahat olacaq deyə düşünürəm. Öz cəhdlərimizlə dünyaya çıxış hələki real görünmür”.
B.Həsrətov açıqlayıb ki, bal ixracı ilə bağlı İsrail nümayəndələri ilə də görüşlər keçirilib: “İsrail tərəfi bizdən 100-200 ton bal istəyirdi. Onlara bal nümunələri də təqdim etmişik. İsrailin istəyi 6-8 dollar arası qiymətə bal almaq idi. Biz onlarla qiymətdə razılaşa bilmədik. İxracatı dövlət dotasiya etsə, xarici bazarlara çıxmaq mümkün olacaq. Məsələn, arıçının 15 dollara satdığı balın 6-8 dollarını xarici şirkət ödəsə, qalan məbləği də dövlət dotasiya edə bilsə, ixrac prosesi baş tuta bilər. İxraca başlayıb prosesi genişləndirə bilsək, dünyada bal ölkəsi olaraq tanınarıq.
B.Həsrətov vurğulayıb ki, ölkə üzrə təxminən altı min ton bala tələbat var və tələbat tam şəkildə ödənilir: “Bu il işğaldan azad edilmiş ərazilərə 207 min arı ailəsi köçürülüb. Bu hələ nəzərdə tutulanın yarısı qədər də deyil. Ərazilər tam şəkildə istifadəyə verildikdən sonra 500 min arı ailəsi də yerləşdirilə bilər”, – Assosiasiya prezidenti əlavə edib (Trend).












