Amerikaya yerləşdikdən sonra etməli olduğunuz ilk addım, özünüzə rəsmi ünvan tapmaqdır, çünki bu ölkədə edəcəyiniz növbəti hər addımda sizə mail (rəsmi məktub) göndərə biləcəkləri ünvan istəyəcəklər, burada bütün prosedurlar, rəsmi təslimatlar poçtla gəlir, buraya sizin bank kartlarınız, İD kartınız, sürücülük vəsiqəsi, avtomobil aldiqdan sonra avtomobilin sizə aid olduğunu göstərən sənəd və s də daxildir.
FED.az xəbər verir ki, bu yazıda sizə iki Amerika bankında açdığım debet kart və onların şərtləri barədə danışacağam ki, bəlkə bu şərtlər Azərbaycan bankları üçün də maraqlı olsun və gələcəkdə onun tətbiqi haqqında düşünsünlər.
Eləcə də bax: ABŞ-da kredit tarixçəsinin qurulması – İLK KREDİT KARTI NECƏ ALINIR?
- Qalacağınız ünvanı, poçt indeksinizi götürüb bir bank seçirsiniz özünüzə, hesablaşmalar üçün, bəli bank kartı və bank çekləri əsas ödəniş vasitəsidir. Sizə yaşamaq üçün lazımdır, “cash” - nağd pul ilə özünüzü hər zaman yola verə bilməzsiniz.
- Mənim hesab açmaq üçün seçdiyim ilk bank məsafə baxımından yaxın olması və adını kifayət qədər eşitdiyim Wells Fargo oldu. Növbəti debet kartını isə bir neçə ay sonra Bank of America-da açdım.
Wells Fargo
Wells Fargo - çekinq hesabı + debet kart
- Xarici passportumu götürüb, yaxınlaşdım banka, məni çox gülərüz qəbul etdilər, gəliş məqsədimi soruşdular və azacıq gözlətdilər. Sonra əməliyyatçı xanım məni ofisində qəbul etdi. Bildirdim ki Amerikaya ilk gəlişimdir, sosial nömrəm və İD yoxdur, amma debet kart açmaq istəyirəm.
- Əməliyyatçı məndən məlumatları aldı, internet bankımı aktivləşdirdi, müvəqqəti istifadə üçün adsız kart veriləcəyini və bir hftə içərsində yeni kartımı mənə göndərəcəklərini (yəni onlara verdiyim ünvana) söylədi.
- Kartın üst qabığını özüm seçə bilərdim və seçdim
Xidmət haqqı:
Kart üçün aylıq komissiya haqqı - 10 dollardır. Hesabı açarkən, karta 25 dollara vəsait qoymaq lazımdır ki, elə həmin gün kart əldə etdiyiniz üçün o vəsaitdən sərbəst istifadə edə bilirsiniz.
Aşağıdakı şərtlərə cavab verdikdə, siz aylıq hesab haqqı ödəməli olmursunuz
- Əgər, 17-24 yaşı olan, ABŞ-da təhsil alan tələbəsinizsə və bunu təsdiq edən sənədiniz varsa
- Hesabınızda minimum balans 1500 dollardan aşağı düşmürsə,
- Hesabınıza hər ay işəgötürən tərəfindən 500 usd və daha çox məbləğdə bir-başa depozit daxil olursa,
- Ay ərzində kart ilə apardığınız ödəmə əməliyyatlarının sayı 10-dan çoxdursa.
Kartla yanaşı bankda ilk dəfə hesab açdıqda, sizə 3 çek pulsuz təqdim olunur, hesaba bağlı daha çox çek sifariş etmək isə ödənişlidir. ABŞ-da kifayət qədər ödəniş çek vasitəsi ilə həyata keçirilir.
Üstünlükləri
Wells-Fargoda ilk hesab açdıqda, sizə müvəqqəti istifadə üçün üstündə ad olmayan debet kart verilir. Sizin adınız olan yeni debet kart isə 5-7 iş günü ərzində sizə poçtla göndərilir. ABŞ-da poçt sistemi çox dəqiq işləyir. Gerçək kartınızı aktiv edəndən sonra müvəqqəti kartı kəsərək, istifadəsiz hala gətirə bilərsiniz.
Debet kart ilə həm onlayn, həm də pos-terminallarda ödəniş etmək mümkün olsa da, əhali alış verişi daha çox kredit kartlarla edir. Çünki cash back, mükafat və bonuslar məhz kredit kart məhsulları üçün nəzərdə tutulub.
Bank of America
Bank of America çek hesabı və debet kart
“Bank of America”da - kart açmağım kredit müraciətim ilə bağlıdır ki, kreditlə bağlı növbəti yazıda bu mövzunu daha ətraflı açacağam. Hesabı açarkən viza müddətim başa çatmışdı, sənəd olaraq passport, ikinci sənəd olaraq isə Wells Fargonun vermiş olduğu debet kartdan istifadə etdim. İki sənəd istəməkləri kredit müraciəti ilə bağlı idi. Təbii olaraq, ünvanı təsdiq edən hər hansı bir sənəd və ya məktub göstərə bilərsiniz.
Haşiyə: Kaliforniyada sürücülük vəsiqəsi, elə şəxsiyyət vəsiqəsi qüvvəsindədir və bu sənədlərdə normalda yaşayış yeri əks olunur, amma mənim passportumda ABŞ ünvanı olmadığı üçün mən yaşadığım ünvanı göstərən hər hansı bir məktub göstərməli oluram, yəni üstündə mənim adım və qaldığım ünvan olacaq, mənə gəlmiş istənilən bir məktub keçərlidir.
İlk addım olaraq, çek hesabı və debet kartdan danışım.
Əsasən 3 seçim var:
- Əgər 24 yaşınız yoxsa və tələbəsinizsə, onda aylıq ödənişi olmayan tələbə debet kartı üçün müraciət edə bilərsiniz.
- İkinci halda, öz pulunuzu xərclədiyiniz və əlavə pul xərcləyə bilmədiyiniz üçün overdraft xərcləri olmayan “SafeBalance” çekinq hesabıdır ki, bu zaman aylıq komisyon 4,5 dollardır və hesabınızda olan məbləğdən və əməliyyat sayından asılı olamayaraq, bu komisyon sizin hesabdan tutulur. Kartı açmaq üçün əlavə ilkin balans tələb olunmur.
- Üçüncü isə mənim də seçdiyim “Advantage Plus” çekinq hesabıdır ki,bu zaman aylıq komisyon 12 və ya 0 dollardır, yəni komisyondan yayınmaq forması var:
1. Hər ay hesabınıza 250+ dollar üzərində direkt depozit daxil olursa (yəni işəgötürən şəxs və ya şirkət tərəfindən)
2. Hesabınızda minimum gündəlik balans 1500 dollardan aşağı düşmürsə
Wells Fargodan fərqli olaraq əməliyyat sayını nəzərə alan opsiya olmadığı üçün düşünürəm ki, bu baxımın WF daha yaxşıdır.
Lakin hesab açdıqda sizə müəyyən bonuslar təklif olunur, onlardan da biri məni iki aylıq komisyondan azad etdi.
İki ay ərzində hər hansı bir şirkətdən əməkhaqqı almağa başlasanız və onda onlar sizə pulu köçürmək üçün çekinq hesabı istəyəcəklər və siz də həmin şirkətə öz hesab nömrələrinizi təqdim edə biləcəksiniz. Yəni hər yeni işə düzələndə fərqli bankda, fərqli hesab açmağa gərək qalmır.
Müqayisə
Hər iki kart 4 illikdir 2023-cü ildə fərqli aylara qadər qüvvədədir.
Hər iki bankın çox gözəl online və mobil bankinq xidmətləri var, həmin gün, elə bankda ikən mobil tətbiqi yükləyib, artıq kartlarınızın statusunu və sizə nə vaxt çatacağını görə bilirsiniz.
Pin kodu bankda ikən özünüz seçə bilirsiniz, kartı həm mobil bankdan, həm online, həm də zəng edərək və ya bankomatda aktivləşdirmək olur. Bankın içərisində ikən belə imzalar elektron şəkildə, müxtəlif planşetlərlə həyata keçirilir, demək olar heç bir kağız imzalamırsınız.
Kartdan nağd pul çıxarılışı
Nağd çıxarış |
Bank of America |
Wells Fargo |
Öz Bankomatları |
0 USD |
0USD |
Digər ABŞ bankları |
2,5 USD |
2,5USD |
ABŞ-dan xaricdə |
5 USD + |
5 USD+ |
Hər iki bankın debet kartı ilə öz bankomatlarından pul çıxarılışında komisyon tutulmur.
Amerikanın digər bankomatlarında 2,5 dollar komisyon tutulur
Amerikdan xaricdə 5 dollar komissyon tutulur, olduğunuz ölkədən və istifadə etdiyiniz bankomatdan asılı olaraq əlavə haqqlar da ola bilər.
Həm Wells Fargo, həm BOA Zelle adlı ödəniş sistemindən istifadə edir ki, heç bir komissiyasız pul köçürülmələri edə bilirsiniz, köçürməni etməniz üçün qarşı tərəfin Zelle hesabının olması və sizin onun telefon nömrəsini bilməyiniz kifayət edir. Yəni bankın mobil tətbiqini yüklədikdən sonra, tətbiqə daxil olub Zelle hesabınızı aktivləşdirə bilərsiniz. Zelle haqqında növbəti yazıda daha ətrafli məlumat verəcəyəm.
Məqalənin müəllifi: Könül Soltanova, San-Xose, Kaliforniya, ABŞ