“Ekologiya və Təbii Sərvətlər Nazirliyi qanunsuz ov edənlərə qarşı cərimələrin məbləğinin artırılması üçün yeni qərar layihəsi hazırlayıb”.
FED.az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin direktor müavini Hikmət Əlizadə bu gün keçirilən mətbuat konfransında deyib.
Nazirlik rəsmisi deyib ki, hazırda cərimələnmə Nazirlər Kabinetinin 2004-cü ildə təsdiq etdiyi qərara uyğun olaraq həyata keçirilir:
"Biz nazirlik olaraq, cərimələrin bir qədər də sərtləşdirilməsinin tərəfdarıyıq. Bununla bağlı yeni qərar layihəsi hazırlanıb. Bəzi cərimələrin məbləğinin bir neçə dəfə, hətta 5 dəfə artırılması nəzərdə tutulur. Yeni qərarın yaxın aylarda təsdiqlənməsi üçün hazırda ciddi işlər aparılır".
Hikmət Əlizadə bildirib ki, ötən il və bu ilin 4 ayı ərzində 300-ə qədər yerli vətəndaş brakonyerliklə məşğul olduğu üçün saxlanılıb və cərimələnib:
"Bu ilin yalnız 3 ayı ərzində 7 xarici ölkə vətəndaşının hər biri qanunsuz ova görə 2000 manat məbləğində cərimə edilib və onların ölkədən çıxarılması barədə qərar verilib. Həmin əcnəbilər əsasən Körfəz ölkələrinin vətəndaşlarıdır".
H.Əlizadə onu da vurğulayıb ki, Ağdam, Göygöl, Goranboy, Daşkəsən, Gədəbəy, Tərtər və sərhədyanı rayonların ərazilərində, Xəzər dənizinin adalarında, yaşıl zonalarda, şəhərlərin və kurortların ətrafında yerləşən ən azı 1,5 kilometrə qədər sahələrdə, xüsusi mühafizə olunan ərazilərin daxilində və sanitar-mühafizə zonalarında ov etmək qadağandır.