“2019-cu ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məşğulluq orqanlarının xətti ilə 103 028 şəxs, bu ilin iki ayında 15 minə yaxın şəxsin münasib işlə təmin edilib. Peşə hazırlığına cəlb edilənlərin sayı getdikcə artır”.
FED.az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev bildirib. Onun sözlərinə görə, ötən il dövlət başçısının tapşırığı ilə 38 min ödənişli ictimai iş yeri yaradılıb. Nazir bildirib ki, Prezident İlham Əliyevin tapşırığı əsasında icra olunan özünüməşğulluq proqramına 2018-ci ildə əvvəlki illə müqayisədə 6,5 dəfə çox olmaqla, 7,3 minədək işsiz və işaxataran şəxs cəlb edili:
“2019-cu ildə isə proqram 10 352 nəfəri əhatə edib. Proqram çərçivəsində 46 iqtisadi fəaliyyət istiqaməti üzrə kiçik müəssisələr yaradılır. Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinin «Sosial Bağlar» layihəsi çərçivəsində də proqram dəstək olaraq 2018-2019-cu illərdə 400-ə yaxın ailə üçün intensiv bağçılıq təsərrüfatı yaradılıb. BMT İnkişaf Proqramı ilə birgə layihə əsasında 500 əlilliyi olan şəxsin özünüməşğulluq proqramı üzrə kiçik biznesə çıxışına şərait yaradılması işləri aparılır”.
S.Babayev bildirib ki, xüsusilə əhalinin həssas qruplarından olan işsiz şəxslərin məşğulluğa və kiçik biznesə çıxışına şərait yaradan özünüməşğulluq proqramında həssas kateqoriyalara (əlilliyi olan şəxslər, şəhid ailəsi üzvləri, məcburi köçkünlər, aztəminatlı ailələrin üzvləri və b.) üstünlük verilir: “Özünüməşğulluq proqramında iştirak üçün müraciətlərin sayı hazırda 40 mindən çoxdur. Bu il 11 min nəfərin proqrama cəlb olunması nəzərdə tutulub”.
Nazir qeyd edib ki, dövlət başçısının tapşırığı əsasında özünüməşğulluq proqramının genişləndirilməsində Dünya Bankı ilə artıq bu ildən əməkdaşlığa başlanacaq: “Dünya Bankının “Azərbaycanda məşğulluğa dəstək layihəsi” üzrə 2020-2025-ci illərdə əlavə olaraq 22 min işsiz şəxs özünüməşğulluq proqramına cəlb olunacaq”.
Apa