Azərbaycanda məşğulluq xidməti orqanlarında rəsmi qeydiyyata alınmış işsiz şəxslərin sayı artıb.
FED.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, martın 1-ə olan məlumata görə, ölkədə rəsmi qeydiyyata alınan 90,8 min nəfər işsiz var. Bu fevralın 1-i ilə müqayisədə 4,6 min nəfər və ya 5,3% artıqdır. Xatırladaq ki, fevralın 1-də qeydiyyatda olan işsizlər 86,2 min nəfər idi.
İşsizlərin 27 454 nəfəri Bakıda, 63 325 nəfər isə regionlardadır.
Ötən ayla müqayisədə Bakıda işsizlərin sayı 543 nəfər, regioelarda 4100 nəfər artıb.
DSK-nin məlumatlarına görə, ölkədə işsizlərin 1%-dən də az hissəsi işsizlikdən sığorta ödənişi alır.
Martın 1-ə oan məlumata görə, ölkədə cəmi 501 nəfər işsizlikdən müavinət alır. Bu bütün işsizlərin 0,6%-i və ya hər 10 min işsizdən 55 nəfərin sığorta ödənişi alması deməkdir.
İşsizlik sığortası alanların payı Bakıda daha yüksəkdir. Martın 1-ə olan məluiata görə, paytaxtda 27 454 işsizdən 305 nəfər ödəniş alır ki, bu da işsizlərin 1,1%-i deməkdir.
Bölgələrdə isə işsizlik müavinəti alanların sayı olduqca aşağıdır.
Bölgələrdə 63 325 işsizdən cəmi 196 nəfər və ya bütün işsizlərin 0,3%-dir. Başqa sözlə, bölgədəki hər 10 min işsizdən cəmi 31-i işsizlikdən sığopta ödənişi alır.
Qeyd edək ki, martın 1-ə olan məlumata görə, işsizlikdən sığorta ödənişinin məbləği 339 manat təşkil edir. Bu bir ay əvvəllə müqayisədə 43 manat artıqdır, bir ay əvvəl bu məbləğ 296 manatdır.