Yol kənarlarında, xüsusilə də insanların daha çox hərəkət etdiyi yerlərdə açılan dönərxanaların sayı hər ötən gün artır. Maraqlısı budur ki, ət, toyuq və digər ərzaqların qiyməti ilbəil bahalaşsa da, yaranmış rəqabət mühiti dönərlərin qiymətinə elə də təsir etmir.
Bu zaman belə bir sual yaranır: Yediyimiz 1 manatlıq dönərlərin içərisindəki ət nə ətidir?
Qida Təhlükəsizliyi Agentliyi son bəyanatında bildirib ki, ölkədə insan ətindən dönər hazırlanmır.
Bəs onda dönərin hazırlanması üçün qəbul olunmuş standartlar varmı? Dönər nə dərəcədə sağlam qidadır?
Dönərin bişirilmə standartlarının olduğunu bildirən “Kasap Dönər” müəssisənin direktoru İsmayıl Kaplan ölkəmizdə çox dönərxananın bu qaydalara riayət etmədiyini vurğulayıb:
“Bizdə ət 2-4 dərəcə arasında 4-5 gün depoda saxlanılır. Bu zaman onun qanı və suyu tamamilə süzülür. Daha sonra bud hissə 7 parçaya bölünür və o parçalardan incik dediyimiz hissə sinir çox olduğu üçün istifadə olunmur. Bundan başqa, ət maşına girdiyi zaman ləzzəti ölür. Odur ki, əti yarpaq şəklində kəsib dönəri elə bişiririk. Yarpağın ləzzəti bir başqa olur.
Dönərin bişmə standartları var. Məsələn, ətlə atəşin arasındakı məsafə 15 santimetrdən az olmamalıdır. Gün ərzində 2-3 dəfə dəyişdirilməlidir. Dönər əti səhərdən axşama kimi qalarsa, mikrob və bakteriya mənbəyi olar. Ona görə biz gündə 3 dəfə bu əti dəyişirik. İstilik 65 dərəcəylə 90 dərəcə arasında olmalıdır. Biz qazdan istifadə edirik və bu da standartlara cavab verir. Məsələn, köz ziyandır. Köz olandan sonra dönər bişməlidir. Ancaq çox zaman fikir vermirlər. Kömürdə olan zəhərli maddələr birbaşa dönərə yapışır”.
İ. Kaplan söhbətimizdə hazırda fəaliyyət göstərən dönərxanaların sanitariya vəziyyətinə və dönərin keyfiyyətinə də toxunub:
“20 ildən çoxdur ki, bu işlə məşğuluq. Bakıda fəaliyyətimiz isə artıq 5 ilə yaxındır. Günümüzdə hər yanda dönər evi açılır. Ancaq nə qədər keyfiyyətli və gigiyenikdir?! Bununla heç kim maraqlanmır. Qiymətlər bir az baha olanda bəyənmirlər. Ancaq bilmirlər ki, hər şey qonaqlarımızın sağlamlığı üçündür.
Bu gün ətin kilosu 9-10 manatdır. Bəs belə olan halda dönər necə 1 manata olur? Burada fikirləşmək lazımdır. Əslində hər şey bu qədər bəsit deyil. İnsanların sağlamlığı ilə oynamaq olmaz. 1 kiloqram ət dönər üçün hazırlanan zaman ən azı 200 qramı gedir. İnsanlar içində nə olduğunu bilmədikləri şeyi yeyirlər.
Onlar fikirləşirlər ki, restorandırsa, qiymətlər baha olacaq. Ancaq gedib baxmaq lazımdır. Məsələn, bizim qiymətlər elə də baha deyil. Hər büdcəyə uyğun porsiyalarımız var. Hətta tələbələrə 20%-lik endirim də edirik.
Bizim bir sloqanımız var: “Hamburger uşaqlarını yedizdirməyə gəlmişik”. Uşaqları “fast-food”dan ayırmaq istəyirik”.