Bu il Azərbaycanda muzdla işləyənlərin sayı 1 639,1 min nəfər olub. Bu ötən ilin yekunu ilə müqayisədə 90,20 min nəfər çoxdur.
FED.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, müqavilə ilə işləyənlərin böyük hissəsi hələ də dövlət sektorunu təmsil edir – işləyənlərin 909,5 min nəfəri və ya 55,5% dövlət sektorunda, 729,6 min nəfəri və ya 44,5% isə özəl sektorda çalışır.
2018-ci ilin yekun göstəricisi ilə müqayisədə bu il hər iki dövlət və özəl sektorda çalışanların sayı artıb.
Eləcə də bax:Nazir: "Qeyri-dövlət sektorunda 88 mindən çox yeni - ƏMƏK MÜQAVİLƏSİ BAĞLANIB"
İlin əvvəlindən artan müqavilələrinin 64,6 mini özəl sektorun, 25,6 min nəfər isə dövlət sektorunun payına düşüb. Ötən ilin yekunu ilə müqayisədə bu il dövlət sektorunda çalışanların sayı 25,60 min nəfər , qeyri-dövlət sektorunda çalışanların sayı isə 64,60 min nəfər artıb.
FED.az-ın araşdırmasından məlum olub ki, 2018-ci illə müqayisədə bu il dövlət sektorunda çalışanların sayında ən çox artım inzibati və yardımçı xidmətlərin göstərilməsində olub. Belə ki, ötən il bu sahədə çalışanların sayı 14,8 min nəfər olduğu halda bu il bu say 3,47 dəfə artaraq 51,5 min nəfər təşkil edib .
Ümumilikdə dövlət sektorunda çalışanların sayı ən çox elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, tikinti, ticarət nəqliyyat vasitələrinin təmiri, maliyyə və sığorta fəaliyyətində, dövlət idarəetməsi və sosial təminat sahəsində çalışanların sayı artıb.
Dövlət sektorunda çalışan bəzi sahələrdə artımla yanaşı azalmalar da var. Bu sahələr istirahət və əyləncə, incəsənət sahəsi , əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, təhsil, peşə elmi və texniki fəaliyyət, daşınmaz əmlakla əlaqədar əməliyyatlar, nəqliyyat və anbar təsərrüfatı, su təchizatı, tullantıların təmizlənməsi və emalı, emal sənayesi, kənd təsərrüfatı, balıqçılıq və meşə təsərrüfatı sahələridir.
Dövlət sektorunda ən çox azalma təhsil, daşınmaz əmlak və su təchizatı,tullantıların təmizlənməsi və emalı sahələrində olub.
Belə ki, ötən il dövlət təhsil sektorunda çalışanların sayı 324,6 min nəfər olduğu halda bu il bu rəqəm 3,80 min nəfər azalaraq 320,8 min nəfər təşkil edib.
Dövlət sektorunda daşınmaz əmlak və əlaqədar sahələrdə çalışanların sayı ötən il 14,1 min nəfər olduğu halda bu il bu göstərici 2 dəfəyə yaxın azalaraq 7,2 min nəfər təşkil edib.
Su təchizatı,tullantıların təmizlənməsi və emalı sahəsində isə ötən il 33,8 min nəfər olduğu halda bu il bu rəqəm 17,45% və ya 5,90 min nəfər azalaraq 27,9 min nəfər təşkil edib.