Nazirlər Kabineti “Məşğulluq haqqında” Qanuna əsasən hazırlanmış “Sosial müəssisələrin və kvotadan əlavə iş yerlərinin Standartları”nı təsdiq edib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən FED.az-a verilən məlumata görə, həmin Qanuna əsasən, sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslərin məşğulluğunun təmin olunması üçün işəgötürən və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən sosial müəssisələr, habelə kvotadan əlavə iş yerləri yaradıla bilər.
Standartlara görə, bu müəssisələr Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, həmçinin hüquqi və ya fiziki şəxs tərəfindən yaradıla bilər.
Sosial müəssisələr və kvotadan əlavə iş yerləri Əmək Məcəlləsində müəyyən edilmiş hüquq normaları əsasında əmək şəraiti ilə təmin olunmalı, əlilliyi olan şəxslər üçün nəzərdə tutulan kvotadan əlavə iş yerləri isə “Əlilliyi olan şəxslərin iş yerlərinin standartları”na uyğun yaradılmalıdır. Həmin şəxslər bu iş yerlərində “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanuna uyğun olaraq təsdiq edilmiş “Fərdi Reabilitasiya Proqramı” nəzərə alınaraq iş yerləri ilə təmin edilməlidir.
Eyni zamanda, Standartlara görə, sosial müəssisələrdə işçilərin orta illik sayının azı 80 faizini Nazirliyin tabeliyində Dövlət Məşğulluq Agentliyinin yerli məşğulluq qurumları və ya “DOST” mərkəzlərinin göndərişi ilə işə qəbul olunmuş sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslər təşkil etməlidir.
Bu şəxslərin sırasına isə Qanuna uyğun olaraq, əlilliyi olan şəxslər, 20 yaşadək gənclər, yetkinlik yaşına çatmamış uşaqları tərbiyə edən tək və çoxuşaqlı valideynlər, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqları tərbiyə edən valideynlər, pensiya yaşına iki ildən az qalmış şəxslər, cəzaçəkmə yerlərindən azad edilmiş şəxslər, məcburi köçkünlər daxildirlər.
Onlara işə cəlb olunduqları sosial müəssisə və iş yerlərində məşğulluq imkanlarının artırılması üçün təlim, o cümlədən peşəyönümü və peşə hazırlığı istiqamətində məsləhət xidmətlərinin göstərilməsi, peşə-əmək reabilitasiyası ilə bağlı tədbirlərin həyata keçirilməsi və s. də Standartlarda yer alıb. Həmçinin qeyd edilir ki, kvotadan əlavə iş yerləri müəssisədə əvvəldən işləyən işçilərin işdən azad edilməsi yolu ilə yaradıla bilməz, müəssisədə mövcud olan daimi vakansiyalar isə əlavə iş yerləri hesab edilmir.
Qeyd edək ki, kvota dedikdə, sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslərin işlə təmin edilməsi məqsədi ilə qanunvericiliklə işəgötürənlər üçün müəyyən edilmiş iş yerlərinin (işçilərin) minimum sayı nəzərdə tutulur.