"Ötən il nazirliyin tabeliyində DOST (Dayanıqlı və Operativ Sosial Təminat) Agentliyinin və Agentliyin 1 və 2 saylı Bakı DOST mərkəzlərinin yaradılması sosial sahədə ən uğurlu inovativ yeniliklər olub".
FED.az xəbər verir ki, bu sözləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində keçirilən kollegiya iclasında kollegiyanın sədri, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.
Nazir qeyd edib ki, 1 saylı DOST mərkəzi 65 minədək vətəndaşa xidmət edib, məmnunluq səviyyəsi 95,2 faiz olub: “Könüllü DOST” proqramına 6900 müraciət edilib, 250 könüllü işə cəlb edilib. DOST konsepsiyası Azərbaycanın yeni brendi kimi tanınır".
O, cari ildə Bakıda daha 2 DOST mərkəzinin, həmçinin Sumqayıt şəhərində, Abşeron, Şəki, Bərdə, Quba, Sabirabad rayonlarında DOST mərkəzlərinin yaradılması üçün işlərin aparıldığını deyib.
S.Babayev sosial sahədə geniş miqyas alan elektronlaşdırma proqramı çərçivəsində ötən il 2-si pensiya, 19-u müavinət-təqaüd növü olmaqla 21 sosial təminat növünün e-təyinat sisteminin işə salındığını, cari ildə 200 minədək təyinatın e-qaydada aparılacağını bildirib. Qeyd edib ki, 2019-cu ildə nazirliyin daha 13 e-arayış xidməti yaradılıb və bu xidmətlərin sayı 15-ə çatdırılıb: "2020-ci ildə isə daha 15 e-arayış xidməti istifadəyə veriləcək".