“AzRe Təkrarsığorta” ASC-nin Baş Maliyyə İnzibatçısı və İdarə Heyətinin üzvü Lalə Əfəndiyeva şirkətdən ayrılıb.
FED.az xəbər verir ki, Lalə Əfəndiyeva sentyabr ayından etibarən şirkətdəki fəaliyyətini dayandırıb.
Qeyd edək ki, Lalə Əfəndiyeva uzun illər “AzRe Təkrarsığorta”nın rəhbərliyində təmsil olunub. O, 1995-ci ildən maliyyə sektorunda fəaliyyət göstərib, 2007-ci ildə isə “AzRe Təkrarsığorta” ASC-nin İdarə Heyətinin üzvü seçilib.
Hazırda şirkətin İdarə Heyəti 3 nəfərdən - Baş İcraçı Direktor Vüsal Abbasov, sədr müavini Tural Qasımov və Baş Risk İnzibatçısı Sarxan Mikayılovdan ibarətdir.
Xatırladaq ki, “AzRe Təkrarsığorta” 2007-ci ildə yaradılıb, ölkənin yeganə təkrarsığorta şirkətidir. Onun nizamnamə kapitalı 50 milyon manatdır. Şirkətin səhmləri adları açıqlanmayan 6 fiziki şəxsə məxsusdur. “AzRe Təkrarsığorta” “Qala Sığorta” ASC-nin 100%-lik, “Qala Həyat Sığorta” ASC-nin isə 90%-lik səhmdarıdır. (Apa)
















