Azərbaycanın sığorta bazarının aparıcı şirkətlərindən olan «Azərsığorta» Dövlət Şirkəti 2023-cü ilin nəticələrini açıqlayıb.
FED.az xəbər verir ki, 2022-ci ildə şirkətin cəmi gəlirləri 34,5 milyon manat olub.
Bundan təqribən 17 milyon manat şirkəti əməliyat gəlirləri təşkil edib – bura toplanan sığorta haqları (16,5 milyon manat) və sığorta ödənişlərində təkrar sığortaçıların payı (532 min manat) aiddir.
Daha 16,9 milyon manat isə sığorta şirkətinin xalis sığoğrta ehtiyatlarının dəyişməsindən daxil olub.
2022-ci ildə «Azərsığorta» investisiya gəlirləri kimi 565 min manat əldə edib. Şirkətin xəcləri isə ümumilikdə 44,9 milyon manat olub.
Bunun 20,6 milyon manatı əməliyat xərcləri (sığorta ödənişləri və sair), 9,1 milyon manat işlərin aparılması – inzibati xərclər, 15,2 milyon manat isə sair xərclər olub.
Qeyd edək ki, 2022-ci ildə «Azərsığorta»nın gəlirləri 41% azalsa da, şirkət xərclərini də 39%-ə qədər azaltmağa nail olub. Belə ki, 2021-ci ildə sığorta şirkətinin gəlirləri 59 milyon 120 min manat, xərcləri 73 milyon 414 min manat təşkil etmişdi.
Nəticədə şirkət üzləşdiyi zərəri də kəskin şəkildə azaltmağa nail olub. Belə ki, 2022-ci ili 10,4 milyon manat xalis zərərlə tamamlayıb. 2021-ci ildə isə zərər 14,3 milyon təşkil etmişdi.
Xatırladaq ki, 2022-ci il «Azərsığorta» üçün transformasiya dövrü olub. Belə ki, 2022-ci ilin əvvəlindən başlayaraq dövlət icbari şəxsi sığortası sahəsində səlahiyyətlər "Azərsığorta"dan alınaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN) ötürülüb. Yığım portfelinin böyük hissəsinin nazirliyə keçməsi isə özünü maliyyə nəticələrində büruzə verib.
Bu dəyişikliklər nəticəsində şirkətin aktivləri 2021-ci ildəki 49,2 milyon manatdan 17,3 milyon manata dəyişib. Paralel olaraq şirkətin öhdəlikləri də təqribən 1,9 dəfə azalaraq 45,4 milyon manatdan 24,5 milyon manata enib.
2023-cü ildə «Azərsığorta»nın dövlət şəxsi icbari sığortalarından sonra yenilənməsi başa çatacaq və şirkət ənənəvi qaydada normal fəaliyyətinə qayıdacaq.
Bunu sığorta yığımlarındakı vəziyyət də təsdiqləyir. Belə ki, 2023-cü ilin 1-ci rübündə şirkət 7 milyon manata yaxın sığorta haqqı toplayıb, şirkətin yığımları əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2,8 dəfə və ya 4,5 milyon manat daha artıq olub.