«Moody's Ratings» (Moody's) reytinq agentliyi dünyanın əsas tütün istehsalçılarından olan «Japan Tobacco Inc» şirkətinin reytinqlərini və vəziyyətini açıqlayıb.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, «Japan Tobacco Inc»nin (JTİ) emitent reytinqi A2 səviyyəsindədir. Bu şirkətin coğrafi cəhətdən şaxələndirilmiş pul axını ilə Yaponiyanın siqaret bazarındakı güclü mövqeyini, güclü brend kapitalını və artan beynəlxalq iştirakını əks etdirir. Coğrafi cəhətdən şaxələndirilmiş pul axını o deməkdir ki, şirkətin gəlirlərinin əsas hissəsi Yaponiyadan deyil, başqa ölkələrdən daxil olur.
Xatırladaq ki, JTİ şirkəti Yaponiya hökuməti ilə əlaqəli bir emitentdir (GRI) və 31 dekabr 2025-ci il tarixinə şirkətin səhmlərinin 37,6%-nə Yaponiya Maliyyə Nazirliyi sahibdir.
Bununla yanaşı, açıqlamada bildirilir ki, JTİ-in zəif tərəfləri də var. Belə ki, birincisi Yaponiyada və digər inkişaf etmiş iqtisadiyyatlarda tütün istehlakı azalmaqdadır. İkincisi digər şirkətlərə nisbətən JTİ-də gəlir marjası daha zəifdir, üçüncü məqam odur ki, JTİ şirkəti aşağı riskli tütün məhsulları (RRP) bazarında hələ yüksək səviyyədə iştirak etmir.
Qeyd edək ki, aşağı riskli tütün məhsulları (RRP) dedikdə – zərəri azaldılmış, nisbətən zərərsiz olan tütün məhsulları nəzərdə tutulur. Hazırda dünyada baş verən əsas tendensiyaya görə, ənənəvi, yanma üsuluna əsaslanan siqaretlərin payı azalır və aşağı riskli tütün məhsullar (RRP) populyarlaşır. JTİ isə hələlik bu bazarda lazımi səviyyədə təmsiol olunmur bu da onun gələcək gəlirlərinə mənfi təsir edə bilər.
Bundan başqa, digər tütün şirkətləri kimi, JTİ də məhkəmə prosesləri risklərinə həssasdır. Hərçənd «Moody's Ratings» hesab edir ki, JTİ nüfuz riski də daxil olmaqla, bu cür risklərə məruz qalmasını effektiv şəkildə idarə edə bilər.
Açıqlamada bildirilir ki, Rusiya və İrandakı vəziyyət JTİ-nin əməliyyatlarına təsir edə bilər, amma bu təsiri JTİ-nin güclü kredit profili - xüsusən də coğrafi diversifikasiyası və güclü kredit metrikləri qarşılayır.













