Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və aidiyyəti qurumlar Azərbaycandan Rusiyaya ixrac olunan bəzi məhsullara məhdudiyyətlərin aradan qaldırılması üçün işləri davam etdirirlər.
Eləcə də bax: Rusiya Azərbaycandan pomidor idxalına - İCAZƏ VERDI
AQTA-dan FED.az-a verilən məlumata görə, məsələ ilə bağlı AQTA və Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin ("Rosselxoznadzor") nümayəndə heyətləri arasında videokonfrans formatında görüşlər keçirilib, Azərbaycandan Rusiyaya alma və pomidorun ixracına qoyulan məhdudiyyətlə bağlı geniş müzakirələr aparılib. Həmçinin keçirilən görüşlərdə məsələnin həlli üçün irəli sürülən təkliflər mütəxəssislərin iştirakı ilə ətraflı təhlil edilib.
Aparılan müzakirələr nəticəsində artıq "Agroterm" MMC (Xızı rayonu), "Geotermal Aqro" MMC (Kürdəmir rayonu), "GP Alpha Greenhouse" MMC (Salyan rayonu), "Hajigabul Greenhouse" (Hacıqabul rayonu) və Şükürov İlkin Mirzəxan oğluna məxsus (Masallı rayonu) müəssisələrdən pomidor, Şabran rayonundakı “TURAZ” MMC, “Ran Fruıt” MMC və Əsədov Vahid Əbil oğluna məxsus müəssisələrdən alma məhsulunun Rusiyaya ixracına icazə verilmişdir.
Qeyd edək ki, Rusiyanın müvafiq qurumu bu icazələrin Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyi tərəfindən təqdim olunmuş fitosanitar nəzarətin artırılması, habelə aparılmış monitorinqlərin nəticələrinə dair təqdim olunmuş məlumatlar əsasında verdiyini bəyan edib.
Hazırda Agentliklə Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti arasında bu istiqamətdə intensiv müzakirələr davam edir.