Xəbər verildiyi kimi, aprelin 29-da gün ADA Universitetində «Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq» mövzusunda beynəlxalq konfransda keçirilib. Prezident İlham Əliyevin də iştirak etdiyi tədbirdə dövlət başçısı xarici qonaqların müxtəlif məsələlər, o cümlədən Qarabağla bağlı suallarını cavablandırıb.
FED.az xəbər verir ki, Amerika Birləşmiş Ştatları Ali Hərbi Dəniz Donanma Məktəbinin müəllimi, professor Brenda Şafer prezidentə minaların təmizlənməsi ilə bağlı vəziyyət haqqında sual verib: «Avropa İttifaqı Ermənistana qeyd-şərtsiz olaraq 3 milyard vəsait ayırır. Sizdən isə soruşmurlar ki, bəlkə minatəmizləmə işləri üçün sizə də maliyyə vəsaiti lazımdır. Necə hesab edirsiniz, bu cür fəaliyyətə göz yuman beynəlxalq ictimaiyyət həmin bölgələrdə minatəmizləmə əməliyyatlarına vəsait ayırmalı deyilmi?»
Cavabında prezident İlham Əliyev ərazilərin minalanmasını ən böyük faciələrdən biri adlandırıb: «Çünki müharibənin bitməsindən sonra minalar səbəbindən 200-dən artıq hərbçi və mülki vətəndaşımız minaya düşərək həlak olmuş və ya ağır yaralanmışdır. Düzgün qeyd etdiniz ki, onlar minaları müharibədən sonra yerləşdiriblər və Kəlbəcərdə yeni basdırılmış minanın partlaması nəticəsində faciə baş vermiş və iki jurnalistimiz həlak olmuşdur. Hazırda bütün əraziləri minalardan təmizləmək olduqca çətindir, çünki bizim buna fiziki imkanlarımız yetmir. Bizim Minatəmizləmə Agentliyimiz illər əvvəl yaradılıb və hazırda biz heyətin sayını artırır və yeni avadanlıqlar alırıq, o cümlədən minalanmış əraziləri müəyyən edən dronlar əldə edirik, lakin bu, çox vaxt və zəhmət tələb edir».
Prezident bildirib ki, bu vacib işdə Azərbaycana Türkiyədən başqa tərəf kömək etmir: Bu günə qədər türkiyəli mütəxəssislər bizə minatəmizləmə işlərində kömək edirlər, ancaq bizim daha geniş beynəlxalq əməkdaşlığa ehtiyacımız var. Təəssüflər olsun ki, bu cür dəhşətli davranışa görə Ermənistana heç irad belə tutulmayıb. Bizim hazırda tapdığımız minalar yeni basdırılanlardır və həmin ərazilər onları aşkar etmək üçün çox əlverişsizdir. Bu, bir daha onların davranışının göstəricisidir. Düzgün qeyd etdiniz, biz onlara 10-20 gün arası vaxt verdik ki, noyabrın 10-da imzalanmış razılaşmaya əsasən tərk etməli olduqları ərazilərdən çıxsınlar. Lakin onlar bu müddəti minaların basdırılması, özlərinə məxsus olmadığı, lakin içində yaşadıqları evlərin yandırılması, ağacların kəsilməsi və digər ekoloji fəlakətlərə yol açan əməllərə sərf etdilər».
İlham Əliyev deyib ki, bu hərəkət təkcə Ermənistan hökumətinin deyil, ermənilərin də Azərbaycana münasibətinin göstəricisidir: «Bu, açığı desək, təkcə hökumətin davranışı deyil. Bu, onlara heç bir pislik etməmiş, oraya yalnız sahib olduqlarını qaytarmağa gələnlərə və doğma yurdlarında yaşamağa gələnlərə qarşı olan nifrətin səviyyəsidir».
Dövlət başçısı təəssüflə bildirib ki, hələlik mina təmizlənməsi prosesində beynəlxalq təşkilatlar Azərbaycana heç bir dəstək vermirlər: «Təəssüf ki, bu günədək biz heç bir beynəlxalq təşkilatdan hər hansı bir dəstək almamışıq. Görülən bütün işləri öz hesabımıza görürük. Biz bir neçə beynəlxalq şirkətlə müqavilə bağlamaq istədik ki, bizə prosesi sürətləndirməyə kömək etsin. Lakin onların təklif etdiyi xidmət haqqı bizim minatəmizləmə agentliyimizə başa gələn qiymətdən bir neçə dəfə artıq oldu. Onlar bu işə kommersiya nöqteyi-nəzərdən yanaşdılar və biz bunu anlaya bilərik, çünki bunlar özəl şirkətlərdir. Ancaq onlar bir kvadratmetr əraziyə astronomik qiymət tələb edirlər, bu isə bizim işimizə yaramır».
Prezident xatırladıb ki, Avropa Birliyi, ərazisində heç bir dağıntı olmayan Ermənistana 2,6 milyard dollar, 10 min kvadratmetr ərazisi işğal edilən Azərbaycana isə cəmi 140-160 milyon avro ayırıb. Dövlət başçısı bunu ikili standart adlandıraraq Azərbaycanın buna etiraz etdiyini bildirib: «Avropa İttifaqı Ermənistana 2.6 milyard, Azərbaycana isə 140-160 milyon avro yardım paketini elan edəndə, əlbəttə ki, biz ən yüksək səviyyədə səsimizi ucaltdıq. Bu, bir daha ikili standartların təzahürü idi. Artıq dediyim kimi, Ermənistanda bir dənə də olsun ev dağıdılmayıb. Nə üçün onlara 2.6 milyard verilir? Həmin vəsaitin böyük hissəsi kredit deyil, qrant olacaq, yəni hədiyyə. Azərbaycana isə yüz neçə milyon. O ölkəyə ki, onun 10 min kvadratkilometrlik ərazisi tamamilə dağıdılıb. Bunun cavabı olmadı. Müsbət haldır ki, daha sonra Avropa İttifaqı bu məsələyə baxdı və mənim Avropa İttifaqı Şurasının Prezidenti cənab Şarl Mişel ilə sonuncu söhbətimdə o mənə dedi ki, minatəmizləmə işlərinə 5 milyon avro ayrılacaq. Biz buna görə təşəkkür edirik. Lakin bu rəqəmin böyük təsiri olmayacaqdır. Bizim ciddi dəstəyə ehtiyacımız var».
Prezident bildirib ki, dünyada mina təmizlənməsi ilə məşğul olan QHT-lər də Azərbaycana dəstək vermirlər: «Mina problemi ilə məşğul olan beynəlxalq QHT-lərin dəstəyinə ehtiyac duyuruq. Onların hələ ki, heç biri Azərbaycana nəzər salmayıb. Biz bilirik ki, minaların təmizlənməsinə yardım edən bir sıra QHT və fondlar var. Bizə gəldikdə, heç kəs yardım etmir. Azad olunmuş ərazilərdə görülən bütün işlər Azərbaycanın dövlət büdcəsi hesabına həyata keçirilir. Heç bir ölkədən və ya beynəlxalq təşkilatdan bir dollar belə almamışıq.
Əlbəttə ki, bu, ədalətsizlikdir. Bu, ikili standartlardır, ancaq nə etmək olar. Bu, bizim yaşadığımız dünyadır. Bununla belə, kiminsə bizə yardım edib-etməməsindən asılı olmayaraq biz bütün əraziləri təmizləyəcəyik, əlbəttə, bu, daha çox vaxt aparacaq. Biz keçmiş məcburi köçkünlərin hamısını geri qaytaracağıq və Qarabağı dünyaya nümunə olacaq şəkildə yenidən quracağıq. Sağ olun Brenda, sizi görməyimə çox şadam».