2023-cü ilin I yarısında Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının inkişafına ümumilikdə 1 milyard 788 milyon 932,9 min manat (cari məzənnə ilə $1,05 milyarddan çox) investisiya yatırılıb ki, bu da 2022-ci ilin yanvar-iyun aylarının göstəricisindən 66,2% çoxdur.
FED.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Hesabat dövründə Qarabağ iqtisadi rayonuna investisiyalar 727 milyon 351,3 min manat (2023-cü ilin yanvar-iyun aylarında Azərbaycan üzrə əsas kapitala yönəldilmiş bütün investisiyaların 21,3%-i) təşkil edib ki, bunun da 701 milyon 15,8 min manatı tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə yönəldilib. Cari ilin I yarısında Qarabağ iqtisadi rayonuna kapital qoyuluşu 2022-ci ilin eyni dövrü ilə müqayisədə 77,5%, tikinti-quraşdırma işlərinə kapital qoyuluşu isə 78,2% artıb.
İnvestisiyaların böyük hissəsi - 319 milyon 480,9 min manat (Qarabağ üzrə bütün investisiyaların 43,9%-i) Füzuli rayonuna yatırılıb ki, bu da 2022-ci ilin yanvar-iyun aylarının göstəricisindən 84,9% çoxdur. Şuşa rayonu üzrə investisiyalar 155 milyon 679,9 min manat (artım 2,6 dəfə), Ağdam rayonu üzrə 137 milyon 487,3 min manat (artım 86,4%) təşkil edib.
Şərqi Zəngəzur iqtisadi rayonu üzrə əsas kapitala 1 milyard 61 milyon 581,6 min manat vəsait (Azərbaycan üzrə əsas kapitala yatırılan bütün vəsaitin 31,2%-i) yönəldilib ki, bunun da 1 milyard 35 milyon 510,5 min manatı tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub. Hər iki göstərici ötən ilin yanvar-iyun ayları ilə müqayisədə müvafiq olaraq 59,2% və 55,5% artıb.
Qeyd olunan vəsaitin böyük hissəsi - 351 milyon 521,3 min manat (Şərqi Zəngəzur üzrə əsas kapitala yönəldilən vəsaitin 33,1%-i) Laçın rayonuna yatırılıb ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 3,3 dəfə çoxdur. Kəlbəcər rayonu üzrə vəsait qoyuluşu 345 milyon 239,7 min manat (artım 4,1 dəfə), Zəngilan rayonu üzrə 155 milyon 988,4 min manat məbləğində (azalma 18,8%) olub.
2022-ci ildə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının inkişafına ümumilikdə 4 milyard 18 milyon 769,9 min manat (cari məzənnə ilə təxminən $2,4 milyard) investisiya yatırılıb ki, bu da 2021-ci ilin göstəricisindən 1,8 dəfə çoxdur. (İnterfaks-Azərbaycan)