Vaşinqtonda fəaliyyət göstərən ABŞ-Azərbaycan Ticarət Palatasında (USACC) Birləşmiş Ştatların paytaxtında və ətraf ərazilərdə yaşayan Azərbaycan icmasının nümayəndələri üçün 2018-ci ildə bu ölkənin vergi sisteminə edilmiş dəyişikliklərə dair brifinq keçirilib. Vergi və mühasibatlıq sahəsində on ildən artıq təcrübəsi olan Vaqif İsaxanlının təqdimatında keçirilmiş brifinqdə paytaxt Vaşinqton, Merilənd və Virciniya ştatlarında yaşayan azərbaycanlılar iştirak ediblər.
FED.az xəbər verir ki, V.İsaxanlı ötən ABŞ vergi sistemində aparılmış islahatlar barədə ətraflı məlumat verib. O, icmanın üzvlərinin bu islahatlar barədə bilməli olduğu məqamlar haqqında danışıb.
Eləcə də bax: “Vergi cənnətləri”ndə “oyun qaydaları” dəyişir
Tədbirdə fərdi və korporativ vergitutma məsələləri, o cümlədən Azərbaycan vətəndaşlarının elektron ticarət platformaları da daxil olmaqla, ABŞ mənbələrindən əldə etdikləri gəlirlərin vergitutmaya cəlb edilməsi ilə bağlı fikir mübadiləsi aparılıb. Həmçinin ABŞ investorları tərəfindən Azərbaycana sərmayə qoyuluşu üçün vergi islahatlarında nəzərdə tutulan vergi yükünün azalması və bu kimi digər güzəştlər barədə də ətraflı məlumat verilib.
Qeyd edək ki, 2018-ci ilin vergi islahatı 1986-cı ildən bəri ABŞ tarixində ən genişmiqyaslı vergi islahatı hesab olunur. Bu islahatla ölkənin vergi sistemində əhəmiyyətli dəyişikliklər edilib.
Brifinq ABŞ-Azərbaycan Ticarət Palatasının “Azərbaycan icmasının gücləndirilməsi proqramı” çərçivəsində icma üzvlərinin son 33 ildə ABŞ Vergi Məcəlləsinə edilmiş ən genişmiqyaslı dəyişikliklərlə bağlı məlumatlılığının artırılması məqsədilə təşkil olunub.