Danimarkanın Mərkəzi Kriminal Polisinin əməkdaşları “Danske Bank”ın Estoniya filialının çərşənbə günü altı, dünən isə dörd əməkdaşını həbs edib. Onlar müştərilərə çirkli pulların yuyulmasına imkan yaratmaqda ittiham edilirlər.
FED.az Estoniyanın “Delfi” nəşrinə istinadən xəbər verir ki, saxlanılanlarla bağlı ölkənin Mərkəzi Kriminal Polisi və Baş Prokurorluq birgə mətbuat konfransı keçirib.
Bildirilib ki, Danimarka hökuməti “Danske Bank” rəhbərliyinə qarşı ölkə qanunvericiliyinin dörd maddəsinin pozulması ilə bağlı ittiham irəli sürülüb.
İttihamlar 2007-ci il fevralın 1-dən 2016-cı il yanvarın sonlarınadək olan dövrü əhatə edir. Bankın Estoniya bölməsində rezidentlər tərəfindən edilən 200 milyard avro həcmində əməliyyatların hər biri şübhə altına düşüb.
“Biz bu məsələnin tam araşdırılmasını istəyirik. Bununla bağlı sentyabr ayında lazımi sənədlər təqdim edilib. Prokurorluqla əməkdaşlıq edəcəyik”, - bankın icraçı direktoru Yesper Nilsen deyib.
Eləcə də bax: Azərbaycanda borcu olanların siyahısı tutulacaq - YENİLİK
Baş prokuror Lavli Perlinqin sözlərinə görə, cinayət araşdırması bir ilə yaxın davam edib.
“Şübhəli şəxslər müştərilərlə işləyən və çirkli pulların yuyulmasında iştirak edən bank əməkdaşlarıdır. Sözügedən cinayət Gürcüstan və Azərbaycanda törədilib. Çirkli pulların yuyulması zamanı əldə edilən ümumi məbləğ 300 milyon avrodur”, - dövlət ittihamçısı qeyd edib.
“2017-ci ildə istintaqa necə gəldiniz? Birmənalı cavabı yoxdur. Hər şeydən əvvəl, 2010-2017-ci illərdə çirkli pulların yuyulması və irəli sürülən ittihamı başa düşmək lazımdır. Bizdə məlumatlar olsa da, bunu sübut edə bilməmişdik”, - dövlət prokuroru Marek Vahinq əlavə edib.
Vahinq onu da bildirib ki, 2017-ci ilin yayında araşdırmaçı jurnalistlər lazımi məlumatları üzə çıxarıblar.
Dünən prokurorluq 10 nəfərin həbsi ilə bağlı qərar verib. Həmçinin, onların mülklərinə də həbs qoyulduğu bildirilib. Ehtimal edilir ki, bu insanlar fəaliyyətlərinə görə pul alıblar. Ümumi məbləğ 1,5 milyon avro olub.
Mərkəzi Kriminal Polisinin rəhbəri Ayvar Alavere deyib ki, dünən araşdırmaların açıq fazası başlayıb:
“Biz 10 nəfəri həbs etdik”.
Alavere bildirib ki, bu insanların öz müştəriləri olub, ancaq onlar şəbəkə üzərindən işləyib:
“Saxlanılanlardan biri Yuriy Kidyayevdir”.
Hazırda o, “Citadele”də çalışır. “Citadele”nin Estoniyadakı filialının rəhbəri Yan Laytmyae Kidyayevin həbsini şərh etməyib.
Məlumatlarda qeyd edilib ki, cinayət araşdırılması 2017-ci ilin noyabrında başlanılıb. Sübut edilib ki, bankda fəaliyyət göstərən qaydalar çirkli pulların yuyulmasına formal şəkildə mane olub və onlar yerinə yetirilməyib. Həmçinin, iddia olunub ki, bu fəaliyyətlə məşğul olan əməkdaşların işindən idarədə xəbərdar olublar.
“Danske Bank”ına qarşı araşdırmalar Avropa İttifaqı və ABŞ tərəfindən aparılır. “Danske Bank Group”un filialları dünyanın 14 ölkəsində yerləşir.