Gəncə şəhərində fəaliyyət göstərən «Viator Mikro Maliyyə Azərbaycan» bank olmayan kredit təşkilatı (BOKT) fəaliyyətini aktivləşdirmək üçün kənardan maliyyə vəsaiti cəlb etməyə hazırlaşır. Bu barədə FED.az-a “Viator Mikro Maliyyə Azərbaycan” BOKT- dan bildirib. BOKT-dan verilən məlumata görə, təşkilat yerli qurumlarla – banklarla işləməyə cəhd edib. Amma təklif edilən şərtlər ağır olub.
Eləcə də bax: «Problemli kreditimiz 70%-dir, amma vəziyyəti düzəldəcəyik» - HESABAT
Biz «Paşa Bank»la işləmək istədik, əvvəllər işləmişdik, amma onların şərtləri bizə ağır oldu. Əvvəllər manatla illik 14%-lə kredit götürürdək, indi isə 20% təklif etdilər, götürmədik. «Xalq bank»la da danışıq apardıq, söz verdilər ki, ucuz manat krediti verəcəklər».
Banklarla aparılan danışıqlarla paralel olaraq şirkət qiymətli kağızlar bazarından da vəsait cəlb etməyə çalışıb. «Viator» bu məqsədlə əvvəlcə veksel (borc kağızı – FED.az) buraxmaq istəyib. Şirkət bu sahədə də «Paşa Holdinq»in qurumlarına «Paşa sığorta» və «Paşa Həyat sığorta»ya üz tutub. Amma həmin şirkətlər «Viator»un 2017-ci ildəki maliyə göstəricilərindən razı qalmayıblar: «2017-ci ili zərərlə başa vurduğumuza görə, bizim kağızları riskli saydılar».
Eləcə də bax: “Embafinans”ın vəziyyəti məlum oldu - HESABAT
Nəhayət, şirkət vəziyyətdən çıxmaq üçün istiqraz buraxmağı qərara alıb. İnvestisiya şirkətlərindən biri ilə danışıqlar aparan «Viator» ilkin olaraq kiçik məbləğdə – 200-300 min manatlıq istiqraz buraxmağı planlaşdırır. Məqsəd şirkətin kredit tarixçəsini «təmizləmək», yəni etibarlı borclu reputasiyasını bərpa etməkdir. İstiqraz buraxılanda regiondakı faiz dərəcələri və bazardakı vəziyət də nəzərə alınacaq.
Hazırda bazarda bir sıra şirkətlərin 10+ %-lə istiqraz buraxdığını nəzərə aldıqda «Viator»da istiqrazların gəlirliyinin illik 14-15% olması planlaşdırılır. Yaxın vaxtlarda şirkətin rəhbərliyinin bununla bağlı qərar verməsi gözlənilir.
FED.az-ın «Birja» xəbərlərini Azərbaycanın aparıcı investisiya şirkəti olan PSG-Kapital Investisiya şirkəti təqdim edir