Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın ticarəti milli valyuta ilə aparmaq çağırışına Kreml müsbət cavab verib.
FED.az-ın Türkiyə mediasına istinadən məlumatına görə, Kremlin sözçüsü Dmitri Peskov Ərdoğanla Vladimir Putinin telefon danışığını şərh edib. O, Ərdoğandan hər hansı maliyyə yardımı tələbi edilmədiyini deyib:
“Hər hansı bir tələb olmayıb. Hər zaman gündəmdə mühüm yer tutan məsələlər müzakirə edilib. “Türk Axını” təbi qaz xətti və Ağquyu NGS kimi enerji layihələrindən danışıblar”.
Peskov Ərdoğanın ticarəti milli valyuta ilə aparmaq çağırışına müsbət yanaşdıqlarını qeyd edib:
“Biz də xarici ticarətin milli valyuta ilə aparılmasını istəyirik. Türkiyə ilə danışıqlarda bu mövzu dəfələrlə gündəmə gəlib. Ancaq bu modelin tətbiq edilməsi üçün geniş hazırlıq görülməlidir”.
Xatırladaq ki, Ərdoğan Türkiyənin Çin, Rusiya və Ukraynayla ticarəti milli valyuta ilə aparmaq üçün hazırlıqlara başladıqlarını açıqlamışdı.