ABŞ rəhbərliyi - prezident Donald Tramp və vitse-prezidenti Mayk Pens ev dustaqlığında olan amerikalı rahib Endryü Bransonla bağlı Türkiyəyə müraciət edib.
FED.az xəbər verir ki, Ağ Ev rəhbəri Tvitter səhifəsində rahibin azadlığa buraxılmasını, əks halda Türkiyənin sanksiya ilə üzləşəcəyini yazıb: “ABŞ Türkiyəyə dahi xristian, mükəmməl insan rahib Endryü Bransonun uzunmüddətli həbsinə görə sanksiyalar tətbiq edəcək. Bu məsum din adamı dərhal azadlığa buraxılmalıdır”.
Xatırladaq ki, rahib Branson şahidlərdən birinin ifadəsinə əsasən, FETÖ cinayətindən tutulub. 35 il həbsi istənilən rahib haqqında “ev dustaqlığı” qərarı verilib.
ABŞ-ın vitse-prezidenti Mayk Pens (Mike Pence) isə Türkiyədə həbsdən ev dustaqlığına buraxılan amerikalı rahib Endryü Bransonun (Andrew Brunson) tam azad olunmasını tələb edib. FED.az xəbər verir ki, M. Pens din xadiminin azad edilməyəcəyi təqdirdə, Türkiyəyə sanksiya tətbiq olunacağını bildirib.
“Həbsxanadan buraxıldıqdan sonra rahib Bransonla telefon əlaqəsi saxladım. Həbsxanadan çıxsa da, bu din adamı ev dustağıdır. Tamamən sərbəst buraxılmasına və ABŞ-a geri dönməsinə nail olmaq üçün prezidentin və bütün rəhbərliyin çalışmağa davam edəcəyi barədə ona təminat verdim”, - deyə M. Pens qeyd edib.
Qeyd edək ki, iyulun 25-də İzmir 2-ci Ağır Cəza Məhkəməsinin qərarı ilə Endryü Branson haqqında həbs tədbiri ev dustaqlığı ilə əvəzlənib.
M. Pens ilə eyni kilsəyə etiqad edən yevangelist pastor A. Branson Türkiyədə 15 iyul hərbi çevriliş cəhdindən sonra İzmirdə həbs olunub. O, hərbi və siyasi casusluqda, terror təşkilatına üzv olmasa da, təşkilatın maraqları naminə cinayət törətməkdə ittiham edilir. Pastorun həbsi Türkiyə-ABŞ münasibətlərində gərginlik yaradan amillərdən biridir. ABŞ rəhbərliyi - şəxsən prezident D. Tramp və vitse-prezident M. Pens dəfələrlə Türkiyə rəhbərliyindən onun sərbəst buraxılmasını istəyiblər. Senatorlar bu məsələ ilə əlaqədar bir neçə dəfə Türkiyəyə səfər ediblər. Son olaraq ABŞ Konqresi həm A. Bransonun həbsdə saxlanılmasına, həm də Türkiyənin Rusiyadan S-400 zenit-raket kompleksləri satın almaq istəməsinə görə, Türkiyə Hərbi Hava Qüvvələri üçün nəzərdə tutulmuş 5-ci nəsil yeni "F-35" hərbi təyyarələrinin bu ölkəyə göndərilməsinə qadağa qoyan müddəanı hərbi büdcə barədə qanun layihəsinə daxil edib.
Xəbərdən sonra Türk Lirəsi Dollar qarşısında dəyərdən düşüb. Dollar/TL məzənnəsi 1,4% yüksələrək 4.84 səviyyəsini keçib.