Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidməti ölkənin regonlarında fermerlər və kənd təssərrüfatı məhsulları istehsal edən sahibkarlar üçün “Maliyyə savadlılığının artırılması” təlimləri keçirməyə başlayıb.
“Problemli kreditlərin əsas səbəbi maliyyə savadlılığının olmamasıdır. Fermerlərdə kredit qaytarmaq mədəniyyətini formalaşdırmaq, uğurlu təsərrüfat yaratmaq bacarıqları gəlişdirmək üçün onların maliyyə savadlılığını artırmaq vacibdir”.
FED.az xəbər verir ki, bunu Dövlət Xidmətinin rəisi Mirzə Əliyev bildirib.
Mirzə Əliyev qeyd edib ki, Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidməti həyata keçirdiyi bütün layihələrdə - istər qrant, istər kredit, istərsə də investisiya layihələrində ilk növbədə fermerlərə maliyyə savadlılığı təlimi keçir. “Biz əmin olmalıyıq ki, təqdim etdiyimiz vəsaitləri fermerlər savadlı şəkildə xərcləyəcəklər” – Dövlət Xidmətinin rəisi əlavə edib və vurğulayıb ki, “Maliyyə savadlılığının artırılması” təlimlərinin intensiv – hər həftə və bütün bölgələrdə keçirilməsinin daha bir səbəbi də fermerləri güzəştli aqrar kreditlərin verilməsinə hazır etməkdir.
“Maliyyə savadlılığının artırılması” təlimləri iştirakçılarına büdcə, qənaət, borc alma və investisiya kimi təməl maliyyə anlayışları barədə real iqtisadi şərtləri nəzərə alıb qərar vermək bacarığı aşılayır. Bu bacarıq sayəsində insanlar qarşılaşdıqları maliyyə problemlərini həll edə və planlı şəkildə qərar verə bilirlər.
Təlimin nəticəsi olaraq, sahibkarlar öz büdcələrini formalaşdırmağı öyrənir, gəlir və xərclərinin hesabatını düzgün yöndə aparırlar, onlarda həm yığım, həm də qənaət vərdişləri yaranır.
İndiyədək Quba, Lənkəran rayonlarında belə təlimlər keçirilib. Növbəti “Maliyyə savadlılığı” təlimi iyunun 8-də Göygöl rayonunda keçiriləcək. Təlimlərə giriş ödənişsiz və sərbəstdir.