Bu ilin iyun ayında Azərbaycan Respublikası Neft Fondu (ARDNF) tərəfindən valyuta hərraclarında 463,6 mln. ABŞ dolları məbləğində vəsait satılıb.
Eləcə də bax: ARDNF valyuta hərraclarındakı satışını - 31% Azaldıb
FED.az xəbər verir ki, Azərbaycan Mərkəzi Bankı (AMB) və ARDNF-nin məlumatları əsasında aparılan hesablamalara görə, bu göstərici cari ilin may ayı ilə müqayisədə 48,2%, ötən ilin iyun ayı ilə müqayisədə isə 24,2% artıb.
Cari ilin ilk yarısında Neft Fondu valyuta hərraclarında 2,767 mlrd. dollar məbləğində vəsait satıb ki, bu da 2020-ci ilin yanvar-iyun ayları ilə müqayisədə təxminən 31% azdır.
Ötən il ərzində Neft Fondu valyuta hərraclarında 7,304 mlrd. dollar məbləğində vəsait satıb. Bu, 2019-cu illə müqayisədə 11% çoxdur. Son bir ildən bir qədər artıq bir müddətdə isə satışların pik həddi pandemiya ərəfəsində – mart ayına təsadüf edib – 1,928 mlrd. dollar.
Qeyd edək ki, aprelin 30-da keçirilən faiz dəhlizinin parametrlərinə dair onlayn mətbuat konfransında çıxış edən AMB-nin sədri Elman Rüstəmov bildirmişdi ki, ARDNF-nin valyuta satışları qrafikdən geri qalır və Fond bu il valyuta satışlarını azaldaraq 140 mln. ABŞ dollarına qənaət edib.
Bundan əvvəl ARDNF-dən bildirilib ki, Neft Fondunun dövlət büdcəsində 12,2 mlrd. manat həcmində büdcə öhdəliyi nəzərdə tutulub və bu öhdəliyin icrası üçün Fond tərəfindən il ərzində ümumilikdə 7,17 mlrd. dollar məbləğində xarici valyuta 12 aylıq satış qrafiki əsasında satışa çıxarılır. (Apa)