Xəbər verildiyi kimi, Azərbaycanda onlayn kassa aparatlarının tətbiqinə başlanılıb.
FED.az xəbər verir ki, Vergilər Nazirliyinin məlumatına görə, artıq Bakı, Gəncə və Sumqayıt şəhərlərində müvafiq fəaliyyət sahələrində yeni nəsil nəzarət-kassa aparatları ilkin mərhələdə yanacaqdoldurma məntəqələrində və şəbəkə sistemli marketlərdə quraşdırılır. Hazırda Bakıdakı iri marketlər şəbəkəsində (siyahıya bax) sistemin işə düşməsi üçün proqram təminatları Vergilər Nazirliyinin informasiya sistemi ilə inteqrasiya edilir. Bir sözlə yaxın vaxtlarda bu obyektlərdə bütün kassa əməliyyatları onlayn rejimdə Vergilər Nazirliyində də «görünəcək».
Eləcə də bax: Yeni kassaların pulunu kim verəcək – SAHİBKAR, YOXSA DÖVLƏT? – RƏSMİ İZAH
Vergi xidməti bu kassaların köməyi ilə vergilərin daha səmərəli toplanmasını, vergidən yayınmanın qarşısını almağı planlaşdırır.
Əhali üçün isə belə kassaların əhəmiyyəti ondadır ki, mal və xidmətlərin pulu ödəniləndə tətbiq olunan ƏDV-nin bir hissəsi güzəşt kimi alıcılara qaytarılacaq.
Eləcə də bax: Azərbaycanda alıcıların gözlədiyi kassalar gətirildi – MARKETLƏRİN SİYAHISI - VERGİLƏRDƏN AÇIQLAMA
Belə ki, ödənişi post terminallar və kassa çeki ilə edənlər ƏDV-nin 15% və 10%-ni geri alacaqlar. Qeyd edək ki, Azərğaycanda ƏDV dərəcəsi 18% olduğundan hər 100 manata 18 manat vergi hesablanır. Nəticədə ödənişi POS terminalla edən müştərilər alqı-satqının 2,28%-i yəni hər 100 manata görə 2,28 manat, kassa seki ilə edənlər isə 1,8%-i yəni 1,8 manat ödəniş alacaqlar.
Vergilər Nazirliyindən bildirilir ki, bu güzəştlərin tətbiqində məqsəd həm müştərilər stimul yaradılması, həm də nağdsız ödəmələrin ən çox “axsadığı” sahədə - pərakəndə ticarət və ictimai iaşə sahələrində nağdsız ödəmələrin həcmini artırmaqdır.
İndi yeni nəsil kassa aparatlarının tətbiqi bu sistemin də işə düşməsinə imkan verəcək.
Amma FED.az-ın əldə etdiyi məlumata görə, güzəştlərin tətbiq edilməsi və alıcıların bu məbləğləri alması üçün işlər hələ tam başa çatmayıb. Söhbət Nazirlər Kabineti tərəfindən qəbul ediləcək iki sənəddən gedir.
Bunlardan birincisi yeni kassa çekləri ilə bağlı qaydalar, ikincisi ƏDV-nin geri qaytarılması qaydalarıdır: «Nə qədər ki, bu sənədlər təsdiqlənməyib və qüvvəyə minməyib, vergi güzəştlərinin qaytarılması mümkün olmayacaq».
Ona görə də hələlik müştərilərin kassa çeklərini toplaması lazım deyil.