Azərbaycan Kredit Bürosuna müraciətlərin sayı ikiqat artıb. FED.az xəbər verir ki, Büro kredit tarixçələrinin realizasiyasına mart ayından başlayıb və indiyədək büro ilə müqavilə imzalamış təşkilatların sayı 117-yə çatıb.
Birinci yarımil ərzində Büronun sistemindən 30 bank və 36 BOKT istifadə edib. Qeyd olunan müddətdə Büroda banklar və BOKT-lar tərəfindən 665.190 sorğu həyata keçirilib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə kredit təşkilatları tərəfindən həyata keçirilmiş sorğuların sayından 2 dəfədən çoxdur. Qeyd edək ki, 2017-ci ilin müvafiq dövründə anoloji sistemdən kredit təşkilatları tərəfindən 330.071 sorğu yerinə yetirilib.
Büroda aparılmış sorğuların 598 535-i banklar, 66 655-i isə 36 bank olmayan kredit təşkilatı tərəfindən həyata keçirilib.
Qeyd olunan dövr ərzində 1667 nəfər şəxs öz kredit hesabatlarını əldə etmək məqsədi ilə Büroya müraciət edib. Müraciət etmiş şəxslərin 1652-i fiziki, 15-i isə hüquqi şəxslər olub.
“Azərbaycan Kredit Bürosu” MMC ölkədə fəaliyyət göstərən 8 bankın - “Azərbaycan Beynəlxalq Bankı”, “Bank Respublika”, “Xalq Bank”, “Kapital Bank”, “PAŞA Bank”, “Rabitəbank”, “Unibank” və “Ziraat Bank Azərbaycan” ASC-lərin təşəbbüsü ilə 15 yanvar 2018-ci il tarixində yaradılmışdır.