Gürcüstanın milli valyutası olan lari ABŞ dolları qarşısında ucuzlaşaraq 1 dollar 3 lari həddinə düşüb.
FED.az xəbər verir ki, artıq iyulun 30-da yerli banklarda 1 dolların 3 lariyə dəyişdirilməsi halları müşahidə edilib.
Larinin rekord həddə ucuzlaşması Gürcüstan Milli Bankının iyulun 31-i üçün müəyyənləşdirdiyi rəsmi məzənnəni açıqlamasından sonra baş verib. Belə ki, Milli Bank saat 17:00-da 1 dolların məzənnəsini 2,9507 lari olaraq müəyyənləşdirib. Gün ərzində isə banklarda 1 dolların satışı 2,9880 lari təşkil edib. Lari avro qarşısında da ucuzlaşıb vç 1 avro - 3,3550 lariyə bərabər olub.
Larinin belə sürətli ucuzlaşması Gürcüstan rəhbərliyini narahat etməyə başlayıb. İndiyədək bunun müvəqqəti hal olduğunu bildirən və larinin ucuzlaşması üçün ciddi faktorların olmadığını bildirən hökumət nümayəndələri etiraf edirlər ki, lari həddən artıq ucuzlaşıb.
Qeyd edək ki, son 6 ayda lari dollar qarşısında 12%-ə yaxın ucuzlaşıb. Yanvarın sonunda 1 dollar 265,2 lari olduğu halda iyulun 30-da məzənnə 295,2 lariyə yüksəlib.
Gürcüstan rəhbərliyi etiraf etməyə başlayıb ki, lari onların gözlədiyindən çox ucullaşıb. Gürcüstanın baş naziri Mamuka Baxtadze jurnalistlərə bildirib ki, "lari həddindən artıq dəyərdən düşüb". Baş nazirin sözlərinə görə, larinin ucuzlaşmasına fundamental amillər təsir edir və onlar çox gucludur.
Onun sözlərinə görə, iqtisadiyyatda turizm sektorundan böyük gəlirlə bağlı gözləntilər olub amma bunlar baş verməyib: May və iyun ayları turizm gəlirləri ilə bağlı ən yaxşı aylar sayılır və turizm sektorundan böyük gəlirlərin gələcəyi gözlənilirdi. Təəssüflər olsun ki, son hadisələrə görə bu, baş vermədi. Əlbəttə ki, bu, yeganə amil deyil».
Baş nazir bildirib ki, larinin ucuzlaşması ölkədə qiymətlərə və inflyasiyaya təsir etsə, Mərkəzi Bank buna müdaxilə edəcək.
M.Baxtadze deyib ki, turizmdən gəlirlər azalıb: "Lakin mən əminəm ki, fəaliyyət planı və biznes sektorun təklifləri ilə biz bu problemlərin öhdəsindən gələ biləcəyik".
Qeyd edək ki, Gürcüstan Milli Bankının iyulun 31-nə müəyyən etdiyi məzənnəyə əsasən, 1 ABŞ dolları 2,9507 təşkil edir.
Gürcüstan larini saxlaya bilmir - DOLLAR SÜRƏTLƏ BAHALAŞIR
09:31
31 İyul 2019