Maliyyə Nazirliyinin Kollegiyası 2020-ci il dövlət büdcəsinin və icmal büdcənin layihələrinin Nazirlər Kabinetinə təqdim olunmasına dair qərar qəbul edib
FED.az xəbər verir ki, sentyabrın 9-da Maliyyə Nazirliyində Azərbaycan Respublikasının 2020-ci il və orta müddətli dövrdə icmal və dövlət büdcəsinin makro-fiskal çərçivəsi, 2020-ci ilin icmal və dövlət büdcəsi layihələrinin tərtibi və qarşıda duran digər vəzifələrə həsr olunmuş kollegiya iclası keçirilib.
İclası giriş sözü ilə açan maliyyə naziri, Kollegiyanın sədri Samir Şərifov bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan islahatlar cari ilin ötən dövründə makroiqtisadi dayanıqlılığın təmin olunması ilə yanaşı, əhalinin rifah səviyyəsinin yüksəldilməsinə, qeyri-neft sektorunun inkişafına, valyuta ehtiyatlarının artımına xidmət edib. Xüsusiylə, cari ilin aprel və sentyabr aylarında iki mərhələdə həyata keçirilən geniş sosial dəstək proqramı ilə minumum pensiya, minumum əməkhaqqı, sosial müavinətlər və təqaüdlər, dövlət orqanlarında və bir sıra təşkilatlarda çalışanların əməkhaqqlarının əhəmiyyətli artımı, habelə şəhid vərəsələrinə birdəfəlik ödəmənin verilməsi vurğulanmalıdır. Bununla yanaşı, fiziki şəxslərin vaxtı ötmüş problemli kreditlərinin qaytarılmasına, əl-əlxüsus manatın dəyər itirməsi ilə əlaqədar xarici valyutada kreditləri olan vətəndaşlara dövlət dəstəyinin göstərilməsi ilə bağlı inqilabi qərarlar qəbul edilib.
“Beləliklə də dövlət başçısı növbəti dəfə əhalinin rifahının yüksəlməsi, etibarlı sosial müdafiəsinin və layiqli həyat səviyyəsinin təmin olunması istiqamətində mühüm addımlar atıb. Kifayət qədər geniş maliyyə tələb edən bu sosial dəstək proqramının maliyyə təminatı dövlət büdcəsinin ehtiyyatları səfərbər edilərək, həmçinin bəzi xərclər optimallaşdırılaraq təmin edildi”, deyə nazir qeyd edib.
S.Şərifov büdcə qaydasına əsasən hazırlanan gələn ilin dövlət büdcəsinin tərtibinin xüsusiyyətləri üzərində dayanaraq qeyd edib: “2020-ci ilin icmal və dövlət büdcələrinin layihələri Prezident İlham Əliyevin müəyyən etdiyi iqtisadi və sosial inkişaf prioritetləri, büdcə sistemi haqqında qanunvericiliyinin tələbləri, qlobal iqtisadiyyatda gedən proseslər, onların ölkə iqtisadiyyatına mümkün təsirləri, o cümlədən İqtisadiyyat Nazirliyinin orta müddətli dövrdə iqtisadi və sosial inkişafa dair proqnozları, habelə dövlət maliyyə sisteminin orta və uzun müddətli dövrdə qarşısında duran çağırışlar nəzərə alınmaqla hazırlanıb.
Məlum olduğu kimi, 2019-cu ilin dövlət və icmal büdcəsinin hazırlanması zamanı əvvəlki dövrlərdən daha fərqli yanaşma tətbiq edildi, bu zaman yeni qəbul edilmiş büdcə qaydalarının tələblərinə əsasən makro-fiskal çərçivə, o cümlədən orta müddətli dövrə icmal büdcə xərclərinin yuxarı həddləri müəyyən edildi. Bu yanaşma 2020-ci ilin dövlət və icmal büdcələrinin layihələri hazırlanarkən də davam etdirilib”.
2020-ci ilin icmal və dövlət büdcəsinin əsas parametrləri Maliyyə Sabitliyi Şurasında da baxılaraq razılaşdırıldıqdan sonra büdcənin tərtibi üçün istifadə olunub: “İlk növbədə 2020-ci il və sonrakı üç ilin icmal və dövlət büdcələrinin büdcə qaydasına əsasən hazırlanması, dövlət büdcəsinin gəlir və xərclərinin hesablanması zamanı neftin bir barelinin orta illik qiyməti və bu qiymətin orta müddətli dövrə şamil edilməsi, orta müddətli dövrdə icmal büdcənin xərclərinin yuxarı həddinin təsdiq olunması və qeyri-neft baza kəsirinin ardıcıl sürətdə azaldılması ilə bağlı qərarlar qəbul edilib”.
Kollegiya iclasında çıxış edən Nazirliyin Büdcə şöbəsinin müdiri Fazil Fərəcov və Büdcə siyasəti və makroiqtisadi təhlil şöbəsinin müdiri Əmin Muradov 2020-ci il dövlət büdcəsinin və icmal büdcənin layihəsi, əsas gəlir və xərc istiqamətləri, habelə növbəti il və orta müddətli dövrə icmal və dövlət büdcəsinin makro-fiskal çərçivəsi ilə bağlı məlumat veriblər.
Sonda Maliyyə Nazirliyinin Kollegiyası Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin və icmal büdcənin layihələrini bəyənərək Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim olunmasına dair qərar qəbul edib.