Fiziki şəxslərin (əhalinin) banklarda xarici valyutada olan (əsasən ABŞ dollarında) depozitlərinin azalması 2021-ci ilin İyun ayında da davam edib.
FED.az xəbər verir ki, İyun ayında xarici valyutada olan depozitlərin məbləği 39,9 milyon manat azalaraq 3 milyard 853,6 milyon manata geriləyib.
Ötən ilin sonu ilə müqayisədə isə, xarici valyutadakı əmanətlər 297,2 milyon manat azalıb. 31 Dekabr 2020-ci il tarixində fiziki şəxslərin xarici valyuta ilə əmanətləri 4 milyard 150,8 milyon manat idi.
May ayı ilə müqayisədə İyunda əhalinin cəmi əmanətləri 199,8 milyon manat azalaraq 8 milyard 435,4 milyon manata düşüb. Azalma tələbli əmanətlərin 233,2 milyon manat azalması ilə bağlıdır. Əhalinin müddətli əmanətləri 25,9 milyon manat artaraq 5 milyard 7.2 milyon manata yüksəlib.
İyun ayının sonunda fiziki şəxslərin əmanətlərinin 54,3%-i və ya 4 milyard 581,8 milyon manatı milli valyutada, 45,7%-i və ya 3 milyard 853,6 milyon manatı xarici valyutada olub. ötən ilin sonunda bu nisbətlər müvafiq olaraq 49,2% və 50,8% idi. (Marja)