Dünya Bankı Qrupu 2026-cı maliyyə ilində Azərbaycanda təxminən 100 milyon ABŞ dolları həcmində özəl kapital səfərbər edib.
FED.az xəbər verir ki, bu barədə Dünya Bankı Qrupunun məlumatında bildirilib.
Məlumata görə, Dünya Bankı Qrupu 2026-cı maliyyə ilində inkişaf etməkdə olan ölkələr üçün rekord həcmdə özəl kapital səfərbər edib.
Belə ki, qurumun qlobal miqyasda səfərbər etdiyi özəl kapitalın həcmi son dörd ildə 3,2 dəfə artaraq 2022-ci maliyyə ilindəki 35 milyard dollardan 2026-cı maliyyə ilində 112 milyard dollara çatıb.
Bildirilib ki, Dünya Bankı Qrupunun Azərbaycan üzrə Ölkə Tərəfdaşlıq Çərçivəsi ölkənin daha rəqabətqabiliyyətli və inklüziv iqtisadiyyata keçidini dəstəkləməyi nəzərdə tutur.
Sənəd iki əsas istiqaməti əhatə edir: məhsuldarlığın və daha keyfiyyətli iş yerlərinin artırılması, həmçinin iqtisadi dayanıqlılığın və davamlı inkişafın gücləndirilməsi.
Bu çərçivədə yeni iş yerlərinin yaradılması, kiçik və orta sahibkarlığın inkişafı, dayanıqlı maliyyələşməyə çıxış imkanlarının genişləndirilməsi prioritet istiqamətlər kimi müəyyən edilib.
Bununla yanaşı, Orta Dəhlizin ticarət və tranzit potensialının artırılması, rəqəmsal infrastrukturun təkmilləşdirilməsi və süni intellekt də daxil olmaqla yeni texnologiyaların tətbiqi dəstəklənəcək.
Dünya Bankı Qrupu Azərbaycanda özəl kapitalın səfərbər edilməsini, bərpa olunan enerji layihələrinin genişləndirilməsini və su ehtiyatlarından istifadənin səmərəliliyinin artırılmasını da əsas fəaliyyət istiqamətləri sırasında göstərib. (Apa)













