Azərbaycanda vergi yığımlarındakı problemlər Prezidentin sədrliyi ilə keçirilən dünənki iclasda da vurğulanıb.
FED.az xəbər verir ki, maliyyə naziri Samir Şərifovun çıxışında bununla bağlı maraqlı detallar var. Nazir çıxışında büdcə proqnozu ilə nəzərdə tutulan mədaxil mənbələrindən 736 milyon manat az vəsait daxilolmasını vurğulayıb. Təbii ki, nazir birbaşa olaraq Vergilər Nazirliyinin adını çəkməsə də, sonradan sadaladığı xilaskar mənbələrin sırasında məhz vergi yığımlarını qeyd etməyib. Halbu ki, vergi yığımları büdcənin doldurulmasında əsas rol oynayır. Nəzərə alsaq ki, 2017-ci ilin oktyabr və noyabr ayları üzrə vergi proqnozları kəsirlə icra edilmişdi, dekabr ayı üzrə vergi yığımlarının həcmi isə hələki açıqlanmayıb, bu halda “günahkarın” məhz vergi olması heç bir şübhə doğurmur.
Çıxışda daha sonra qeyd olunur ki, gömrük daxilolmalarının 16 faiz və ya 359 milyon manat çox olması, əlavə həcmdə dövlət qısamüddətli istiqrazlarının daxili bazarda satılması və büdcə xərclərinin səmərəliliyinin artırılması hesabına büdcə təşkilatlarının təqdim etdikləri məxaric sifarişləri dövlət büdcəsinin təsdiq olunmuş xərcləri çərçivəsində tam icra olunub. Dövlət büdcəsinin kəsiri təsdiq olunmuş yuxarı həddən 34 milyon manat az olub. İcmal büdcənin kəsiri 7,6 milyard manat və ya ÜDM-in 11,1 faizi səviyyəsində proqnozlaşdırılırdısa, ilin nəticələrinə əsasən həmin kəsir ÜDM-in 1,5 faizinədək daralaraq 1 milyard manat təşkil edib.
Büdcəni kim doldurub: vergi problemi üzə çıxdı
16:12
11 Yan 2018