“Bizim hesablamalarımız onu göstərir ki, büdcə xərclərinin, cari xərclərin 10% artımı və kredit portfelinin, bank sektoru vasitəsilə kredit portfelinin 10% artımı müvafiq olaraq 0.29% və 0.12% artırıcı təsir göstərir. Bu da bizim şəraitimizdə yüksək göstərici deyil. Bu onu deməyə əsas verir ki, tələb inflyasiyasının ümumi inflyasiya təsiri aşağıdır”.
Mərkəzi Bankın sədri: Makroiqtisadi sabitliyə ciddi risk görmürük - MÜSAHİBƏ
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu sözləri Mərkəzi Bankın idarə heyətinin sədri Taleh Kazımov mətbuata müsahibəsində deyib.
Sədr qeyd edib ki, inflyasiya tələb və təklif amillərindən formalaşır:
“Biz inflyasiyanı əsasən idxal edirik və son 4 ildə müşahidə edirik ki, inflyasiyaya artırıcı təsir edən amil məhz təklif amilidir. Təklif amillərinə baxdıqda, burada iki əsas kanal var. Birincisi, idxal etdiyimiz mal və xidmətlərin qiyməti, yəni ticarət tərəfdaşlarında olan inflyasiya nəticəsində artan qiymətlər Azərbaycana idxal olunur. Həmçinin də, yerli bazarda istehsalçıların xərc amillərinin artmasıdır. Xərc amilləri dedikdə, bizim tənzimlənən xidmətlərimiz var, misal üçün işıq, qaz, su və digər yanacaq qiymətləri, hansı ki, dövlət tərəfindən idarə olunur. Onların dəyişimi, bizim istehsal etdiyimiz mal və ya xidmətlərin maya dəyərinin artımı nəticəsində bizdə inflyasiya yaranır”.
“Tələb amillərinə baxdıqda, burada əsas kanal ev təsərrüfatlarının və dövlət sektorunun istehlakıdır. İstehlakın əsas iki parametri varsa, bu, əsasən bizdə büdcə xərcləri və kreditləşmədir. Ancaq bir qədər əvvəl də qeyd etdiyim kimi, hər ikisinin inflyasiyaya təsirləri cüzidir. Əsasən biz təklif inflyasiyasından təsirlənirik. Bizim proqnozlarımız onu göstərir ki, 2026-cı ilin sonunda inflyasiya 5.9%, 2027-ci ilin sonunda isə 4.5% olacaq. Yenə də proqnozlaşdırdığımız inflyasiya Mərkəzi Bankın hədəf diapazonundadır”, - deyə Taleh Kazımov əlavə edib.














