2019-cu ilin yanvar-iyul aylarında ölkədə 44 milyard 473,1 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2,5 faiz çox ümumi daxili məhsul istehsal edilib. FED.az xəbər verir ki,Əhalinin hər nəfərinə düşən ÜDM 4499,5 manata bərabər olmuşdur. Bu barədə Dövlət Statistika Komitəsinin yaydığı məlumatda bildirilir.
2019-cu ilin yanvar-iyul aylarında informasiya və rabitə sahələrində əlavə dəyər 16,9 faiz, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrində 6,3 faiz, turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrində 4,3 faiz, sənayedə 3,3 faiz, ticarət; nəqliyyat vasitələrinin təmiri sahələrində 2,9 faiz, nəqliyyat və anbar təsərrüfatı sahələrində 2,6 faiz, digər xidmət sahələrində 1,7 faiz artmış, tikintidə isə 9,1 faiz azalmışdır.
İqtisadiyyatın qeyri neft-qaz sektorunda istehsal olunmuş əlavə dəyər 3,0 faiz, neft-qaz sektorunda isə 1,9 faiz artmışdır.
Qeyd edək ki, Azərbaycanda iqtisadi artım sürəti ötən ilin eyni dövrü ilə müqayisədə
Yanvar ayında 2,9%
Yanvar-fevralda 3,0%
Yanvar-martda 3,0%
Yanvar-apreldə 2,1%
Yanvar-mayda 2,2%
Yanvar-iyunda 2,4%
təşkil etmişdi.