Azərbaycanda büdcə xərclərinin artımı dollara tələbatı yüksəldəcək. FED.az xəbər verir ki, bu barədə iqtisadçı ekspert Vüqar Bayramov bildirib. Onnu sözlərinə görə, belə vəziyyətdə dolların məzənnəsinin artıb-azalması Mərkəzi Bankın mövqeyindən asılı olacaq.
«Bu il manatın məzənnəsi necə dəyişəcək? Ötən ilin yekunları göstərir ki, manatın məzənnəsinə neftin dünya bazar qiyməti və qeyri-neft ixracatımızdakı tərəfdaş ölkələrin milli valyutalarının kursu ilə yanaşı idxalın həcmi birbaşa təsir göstərir. İdxalın artması dollara tələbi yüksəldir. 2018-ci ildə aylar üzrə dollara tələbin dəyişməsi dinamakasına diqqət yetirəndə əsasən idxal artan aylarda dollar alışı yüksəlib. İdxalın artması fonunda dollara tələb də artıb. Eyni zamanda idxalın artım dinamikası ilə büdcə xərcləmələri arasında da əlaqə var. Yəni, büdcədən çox xərcələnəndə, çox idxal olur və bu da dollara tələbi artırır. Çünki idxal etmək üçün dollar lazımdır. Bu il dövlət büdcəsindən 25 milyard 190 milyon manat xərcləmək nəzərdə tutulub. 2018-ci ildə büdcə xərcləri 21 milyard 047 milyon manat proqnozlaşdırılmışdı. Bu isə o deməkdir ki, büdcə xərcləmələri 2019-cu ildə ötən ilə nisbətən 17 faiz yüksək olacaq. Deməli, 2019-cu ildə neftin dünya bazar qiymətinin hansı səviyyədə olmasından asılı olmayaraq dollara tələb artacaq. Bunun əsas səbəbi isə bu il idxalın artacağı ilə bağlı gözləntilərdir. Belə ki, valyuta hərraclarında satılan xarici valyutanın 90 faizindən çoxu idxal məqsədi ilə istifadə olunur. Hazırda yığım məqsədi ilə dolların alanların sayı əvvəlki illər ilə müqayisədə azdır. Bu bir tərəfdən, dollarlaşma səviyyəsinin yüksək olması, yəni 2014-2016-cı illərdə yığımların əsasən dollarlaşması ilə bağlıdır. Digər tərəfdən isə, büdcə kanallarından kənar manat bazasının cüzi artması da dollara tələbi azaldır. Bütövlükdə, valyuta bazarında büdcə xərcləmələri, idxal və dollara tələb arasında kəskin korelasiya var və manatın kursu təhlil edilən zaman bu faktorlar nəzərə alınmalıdır. Təbii ki, bütün bu qiymətləndirmələr fonunda yenə də Mərkəzi Bankın mövqeyi həlledici olaraq qalır».
Eləcə də bax: Büdcədə 4,7 milyard manat artıqlıq yaranıb - NAZİR AÇIQLADI