12 yanvar 2021-ci il tarixində Mərkəzi Bankda Dövlət Neft Fondunun da iştirakı ilə valyuta hərracı keçirilmişdir.
Eləcə də bax: Elman Rüstəmov: “Devalvasiyanın olacağı xəbərləri boş söhbətlərdir”
FED.az xəbər verir ki, Mərkəzi Bankdan daxil olmuş məlumatda bildirilir ki, hərracda tələb 142.2 mln.ABŞ dolları təşkil etmiş və tam təmin edilmişdir.
Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşmışdır.
Son günlər manatın ucuzlaşması ilə bağlı mətbuatda və sosial şəbəkələrdə gedən əsassız xəbərlərin fonunda formalaşan gözlənti nağd valyuta bazarında müəyyən tələbi şərtləndirmişdir ki, bu da valyuta hərracında tələbin nisbətən artmasına təsir etmişdir. Lakin, neftin qiymətinin ötən illə müqayisədə artdığını, OPEC+ son toplantısında neft hasilatı ilə bağlı müsbət qərarların qəbul olunduğunu, bütün dünyada artıq COVID-19 virusuna qarşı vaksinasiya proqramlarının başlandığını və Dövlət Neft Fondunun əhəmiyyətli məbləğdə transfertlərini nəzərə alaraq qeyd edirik ki, manatın ucuzlaşması ilə bağlı iddialar əsassızdır. Bu baxımdan hesab edirik ki, nağd valyuta ilə bağlı artan tələb müvəqqəti xarakter daşıyır və qısa zamanda səngiyəcəkdir.
Eyni zamanda, son günlər bəzi internet səhifələrində guya bankların qeyri-nağd ABŞ dolları satışlarında problem olduğunu və bunun valyuta hərracları ilə bağlı olduğunu iddia edən fikirlər də əsassızdır. Bildiririk ki, Mərkəzi Bank tərəfindən valyuta hərracları həftədə 2 dəfə (çərşənbə axşamı və cümə axşamı) keçirilir və bu hərraclarda bankların həm nağd, həm də qeyri-nağd valyuta üzrə tələbləri tam təmin edilir.
Bir daha vurğulamaq istərdik ki, 2017-ci ildən başlayaraq artıq 4 il ərzində milli valyutanın məzənnəsi sabitdir və cari ildə də Mərkəzi Bank tərəfindən valyuta bazarında stabilliyin tәmin edilməsi diqqət mərkəzində saxlanılacaqdır.