Azərbaycan biznesinin bu ilin əvvəlindən tətbiq edilən əmək haqqı vergi güzəştindən nə qədər qənaət edəcəyi məlum olub. FED.az xəbər verir ki, Vergi Məcəlləsinə qüvvəyə minən dəyişikliyə əsasən, aylıq maaşı 8 min manatadək olan bütün işçilər 7 il müddətinə gəlir vergisindən azad edilib. Maaşı 8 min manatdan artıq olanlar üçün bu vergi 14% olacaq. Bu yenilik, qeyri-dövlət və qeyri-neft sektorunda çalışan şirkətlərə aiddir və həmin sahələri inkişaf etdirmək məqsədi daşıyır.
Xatırladaq ki, indiyədək bu vergi məbləği 2500 manatadək olanlar üçün 14%, 2500 manatdan artıq olanlar üçün isə 25% idi.
Eləcə də bax: Xidmət müqaviləsilə işləyənlərə - BAYRAM HƏDİYYƏSİ
Ölkədə aylıq maaşı 8 min manatdan artıq olanların sayı az olduğuna görə, faktiki olaraq bu verginin ləğv olunduğunu demək mümkündür.
Bəs özəl sektor bu güzəşt nəticəsində hansı məbləğə qənaət edəcək?
FED.az-ın Dövlət Statistika Komitəsinin (DSK) göstəricilərinə əsasən, apardığı hesablamalar göstərir ki, hazırda Azərbaycanda özəl sektorda əmək müqaviləsi ilə işləyənlərin sayı 668,1 min nəfər, orta aylıq əmək haqqı isə 688,5 manatdır.
Özəl sektorda çalışanların 20,6 min nəfəri mədənçıxarma sahəsində fəaliyət göstərir. Həmin şəxsləri və onların əmək haqlarını nəzərə almasaq, qeyri-neft özəl sektorunun aylıq əmək haqqı fondu təqribən 376,6 mln manat təşkil edir. Bu məbləğə görə özəl sektor ödəyəcəyi 14%-lik vergidən azad olması, onlara 52,7 mln manat qazandıracaq.