Noyabr ayının 14-də Azərbaycan Mərkəzi Bankı COP29-da Maliyyə, İnvestisiya və Ticarət Günü çərçivəsində “Qlobal maliyyə sistemi: iqlim fəaliyyəti üçün maliyyələşmənin genişləndirilməsi” mövzusunda mühüm tədbir təşkil edəcək.
"Azərbaycan bankları 2030-cu ilədək "yaşıl keçid"ə əhəmiyyətli maliyyə resursları ayırmağa hazırdır"
FED.az bu barədə AMB-yə istinadən xəbər verir.
Qeyd edilib ki, bu tədbir Çoxtərəfli İnkişaf Bankları (MDB-lər), investorlar da daxil olmaqla dövlət və özəl sektorların liderlərini bir araya gətirərək iqlim maliyyələşməsi fəaliyyətinin sürətləndirilməsini və yaşıl keçiddə Paris Sazişinin məqsədlərinə çatmaq üçün zəruri olan miqyasda resursların səfərbər edilməsini hədəfləyir.
Tədbir qlobal maliyyə institutlarının rəhbər şəxslərinin öz mövqelərini bölüşdüyü iki əsas panel sessiyasından ibarət olacaq:
“İqlim maliyyəsi: iqlim ambisiyasının maddi fəaliyyətə çevrilməsi” - bu sessiyada inkişaf etməkdə olan ölkələrdə iqlim maliyyəsinin genişləndirilməsi strategiyaları diqqətə çatdırılacaqdır. Həmçinin MDB-lər, tənzimləyici çərçivələrdəki dəyişikliklər və maliyyə innovasiyaları arasında uyğunluğun iqlim öhdəliklərinin effektiv fəaliyyətə çevrilməsindəki rolu araşdırılacaqdır.
“Qlobal maliyyə üzrə qarşılıqlı fəaliyyət vasitəsilə iqlim maliyyəsinin genişləndirilməsi” – bu panel sessiyası zamanı MDB-lər və daha geniş maliyyə sistemi arasında təkmil koordinasiyaya xüsusi diqqət yetirilməklə tənzimləyici çərçivələrin və təcrübələrin daha yaxşı uyğunlaşdırılması araşdırılacaq. Həmçinin iqlim maliyyəsində qlobal qarşılıqlı fəaliyyətin əldə olunma üsulları müzakirə olunacaqdır.
Tədbirdə Azərbaycan banklarının maliyyə sisteminin yaşıllaşdırılması və ölkəmizdə yaşıl keçidin sürətləndirilməsi istiqamətində maliyyə öhdəlikləri də elan olunacaqdır
Bu tədbirdə yalnız Mavi Zonada akkreditasiyadan keçmiş şəxslər iştirak edə bilər.
Tarix: 14 noyabr 2024-cü il
Vaxt: 10:00-11:30 (GMT+4)
Məkan: Bakı Olimpiya Stadionu, Mavi Zona, Prezidentlik pavilyonu, SE5/Nəsimi
Bu tədbir haqqında ətraflı məlumat üçün aşağıdakı linkə daxil ola bilərsiz: https://www.cbar.az/page-865/cop29