İllik inflyasiya proqnozlaşdırılan trayektoriya ilə hərəkət edir. 2025-ci ilin iyununda 12 aylıq inflyasiya 6 faiz təşkil edib. İllik qiymət artımı qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə 7 faiz, ödənişli xidmətlər üzrə 7,2 faiz, qeyri-qida məhsulları üzrə isə 2,8 faiz təşkil edib. İllik baza inflyasiya isə 4,8 faiz olub.
FED.az Azərbaycan Mərkəzi Bankına (AMB) istinadla xəbər verir ki, son aylarda xarici amillər üzrə qeyri-müəyyənliklər qalsa da, onların inflyasiyaya artırıcı təsiri əhəmiyyətli olmayıb. Beynəlxalq Valyuta Fondunun məlumatına görə, 2025-ci ilin iyununda əmtəə qiymətləri indeksi illik 0,6 faiz, o cümlədən ərzaq qiymətləri indeksi 4,2 faiz azalıb.
Cari ilin ötən dövründə nağd və qeyri-nağd seqmentlər əhatə olunmaqla ümumilikdə valyuta bazarında təklif tələbi üstələyib. Rezident fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsinin azalmaqda davam etməsi məzənnə ilə bağlı gözləntilərin nikbin olduğunu göstərir. Valyuta bazarında tarazlığın fundamentində dayanan xarici sektor göstəriciləri əlverişli olaraq qalır.