Yola saldığımız 2018-ci il vergi sahəsində geniş islahatlar paketinin hazırlanması və vergi qanunvericiliyinə mühüm dəyişikliklərin edilməsi ilə yadda qalır. Bu ili vergi sistemində keçid ili kimi müəyyən edən Vergilər Nazirliyi tərəfindən cəmiyyətin inkişaf faktoru ilə şərtləndirilən və aparıcı dünya təcrübəsi ilə uzlaşdırılan yeni bir vergi sisteminə keçid istiqamətində müvafiq addımlar atılıb. Bu barədə Vergilər Nazirliyinin Media və kommunikasiya mərkəzindən FED.az-a bildirilib.
Eləcə də bax: Vergi Məcəlləsinə dəyişikliklərlə bağılı Vergilər Nazirliyində geniş mətbuat konfransı - CANLI YAYIM - VİDEO
Məlumata görə, yeni islahatlar kursuna əsasən, vergi sistemində idarəetmə prinsiplərinin yenidən təşkili və vergi inzibatçılığının təkmilləşdirilməsi, müasir innovativ texnologiyaların tətbiq olunması, şəffaflığın təmin edilməsi, vergiödəyiciləri ilə vergi orqanları arasında qarşılıqlı etimadın yüksəldilməsi ilə bağlı əhatəli tədbirlər həyata keçirilib. Vergi qanunvericiliyində mövcud olan bəzi boşluqların aradan qaldırılması, müasir çağırışların tələbindən irəli gələn bir sıra məsələlərin həlli məqsədilə müxtəlif dövlət qurumları və ictimai təşkilatların, assosiasiyaların, sahibkarların rəy və təklifləri nəzərə alınmaqla Vergi Məcəlləsinin yeni redaksiyası hazırlanıb.
İslahatların başlanğıcı
2018-ci il fevralın 18-də “Vergilər. Şəffaflıq. İnkişaf” mövzusunda keçirilən konfransda vergi sistemindəki vəziyyət və onun perspektiv inkişaf istiqamətləri, ölkədə yaranmış yeni iqtisadi şəraitdə biznes mühitinin daha da yaxşılaşdırılması və vergi inzibatçılığının təkmilləşdirilməsi barədə işgüzar dairələrlə fikir mübadiləsi aparılıb.
Vergilər naziri Mikayıl Cabbarov forumda vergi xidmətinin fəaliyyətində yeni yanaşmalar və vergi xidmətinin qarşısında duran vəzifələrin icrası, vergi əməkdaşlarının fəaliyyətində yeni tələblər, vergi orqanlarına etimadın yüksəldilməsi və digər məsələlərlə bağlı çıxış edib. Bununla da, il ərzində həyata keçiriləcək tədbirlərin anonsu verilib. Vergilər Nazirliyi sahibkarlara müraciət ünvanlayaraq, onları yeni iqtisadi şəraitdə fəal və faydalı əməkdaşlığa, şəffaflığa dəvət edib. Nazirlik ödəyicilərə keyfiyyətli xidmətlər, qarşılıqlı etimad təklif edərək, sahibkarların bütün problemlərini dinləməyə, qanuni tələblərinin həllinə kömək göstərməyə hazır olduğunu bəyan edib.
E-qaimələrin tətbiqi
Vergi qanunvericiliyinin müddəalarına əsasən, 2018-ci ilin yanvar ayından elektron qaimənin (e-qaimə) tətbiqinə başlanılıb. Bu siyasətə uyğun olaraq e-qaimə və e-vergi hesab-fakturasının (e-vhf) tərtib edilməsində mövcud olan müəyyən mürəkkəbliyin aradan qaldırılması istiqamətində işlər görülüb. Nazirliyin informasiya sisteminin təkmilləşdirilməsi, xüsusən də vergiödəyiciləri üçün istifadəçi interfeyslərinin dizaynına xüsusi diqqət yetirilməsi və e-qaimə və e-vhf-nin göndərilməsinin sadələşdirilməsi üçün təhlil prosesinə başlanılıb.
Struktur islahatları
2018-ci ildə vergi orqanlarının fəaliyyətində şəffaflığın təmin edilməsi, vergi inzibatçılığının əlverişli biznes mühitinin formalaşdırılmasına yönəldilməsi, korrupsiya və digər neqativ hallarla mübarizə sahəsində fəaliyyətin gücləndirilməsi məqsədilə aparılan struktur islahatlarının fəlsəfəsi vergi orqanlarının əsas funksiyasının fiskal nəzarətdən vergi ödəyicilərinə xidmət prinsipinə keçirilməsi olub.
Nazirliyin aparatının yeni strukturunda Sənədlərlə iş və vətəndaş müraciətlərinə baxılması departamenti, Vergi auditi, İqtisadi təhlil və ekspertiza, Vergi siyasəti, Vergi öhdəliklərinin icrasına nəzarət, Vergi ödəyicilərinə xidmət, Dövlət qeydiyyatı və uçota nəzarət, İkitərəfli və çoxtərəfli sazişlərin icrasına nəzarət, Hüquq, Yerli qurumların fəaliyyətinin əlaqələndirilməsi, Rəqəmsal vergi inzibatçılığı, İnsan resursları, Maliyyə, Daxili təhlükəsizlik departamentləri, habelə Media və Kommunikasiya Mərkəzi daxil edilib. Struktur vahidlərinin funksional fəaliyyəti və vəzifələrinin bölgüsündə də dəyişikliklər aparılıb. Yeni strukturlar iyulun 2-dən fəaliyyətə başlayıb.
Müasir rəqəmsal texnologiyaların tətbiqi
Vergilər Nazirliyinin fəaliyyətində rəqəmsallaşma və elektron xidmətlərin tətbiqinin genişləndirilməsi əsas hədəflərdəndir. Elektron xidmətlərin sayının artırılması, xidmətlərin mobil cihazlar vasitəsilə əldə edilməsi imkanlarının yaradılması, nazirliyin veb portalının funksionallığının genişləndirilməsi istiqamətində zəruri işlər həyata keçirilib. Rəqəmsallaşmanın təkcə vergiödəyicilərinə göstərilən xidmətlərə deyil, eyni zamanda təhlillərin və auditin aparılması, kameral yoxlamalar prosesində də tətbiqi, bu prosesin süni intellekt üzərində qurulan proqramlardan, müasir informasiya texnologiyalarından istifadə etməklə həyata keçirilməsi nəzərdə tutulur.
Yeni yaradılmış Rəqəmsal vergi inzibatçılığı departamenti üçün elektron vergi inzibatçılığının tətbiqi, onun texnoloji təminatının daha yüksək səviyyəyə çatdırılması, məsafədən vergi xidmətlərinin göstərilməsi, operativ informasiya mübadiləsinin təmin edilməsi, informasiya təhlükəsizliyi sisteminin idarə olunması, vergi ödəyicilərinə aid məlumatların məxfiliyinin tam qorunması əsas fəaliyyət istiqamətləri kimi müəyyən edilib.
Elektron audit - şəffaf yoxlama metodu
Vergilər Nazirliyi vergiödəyiciləri ilə münasibətdə insan faktorunun rolunu minimuma endirmək məqsədilə vergiödəyicilərinə göstərilən elektron xidmətlərin avtomatlaşdırılması ilə yanaşı, vergi nəzarəti proseslərinin avtomatlaşdırılmasını da əsas prioritetlərdən biri kimi müəyyən edib. Bu məqsədlə yeni yaradılmış Rəqəmsal vergi inzibatçılığı departamenti elektron auditin (e-audit) effektiv və səmərəli formada tətbiqi üzərində araşdırmalar aparır. Görülən işlər çərçivəsində yeni məlumat bazasının yaradılması, vergiödəyiciləri haqqında məlumatların ümumi bazaya inteqrasiyası, bu sahədə qanunvericiliyin və prosedurların təkmilləşdirilməsi, yeni texnologiyanın tətbiqi və süni intellekt modulları əsasında informasiya sisteminin qurulması nəzərdə tutulur.
İdxal-ixraca birgə nəzarət sistemi
Dövlət başçısının “Ölkədə idxal-ixrac əməliyyatlarına nəzarət sisteminin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” 20 aprel 2018-ci il tarixli Sərəncamından irəli gələn vəzifələrin həyata keçirilməsi məqsədilə Vergilər Nazirliyində yeni struktur - İdxal-ixrac əməliyyatları üzrə nəzarət departamenti yaradılıb. Yeni qurum Dövlət Gömrük Komitəsi ilə birgə maliyyə nəzarəti sahəsində uçotun şəffaflaşdırılması, büdcə yığımlarının artırılması, qeyri-neft məhsullarının ixracı üzrə prosedurların sadələşdirilməsi, ixracın həcminin artırılması və bu istiqamətdə dövlətin fiskal siyasətini həyata keçirən orqanların fəaliyyətinə dəstək verilməsi, idxal-ixrac əməliyyatlarına nəzarət sistemini həyata keçirir.
Vergi bəyannamələrinin və hesabatların formalarına dəyişikliklər
Vergi sistemində həyata keçirilən islahatların əsas hədəflərindən biri iqtisadi artımı sürətləndirmək üçün orta və uzunmüddətli dövrdə vergi sahəsində səmərəliliyin artırılması, büdcənin dayanıqlılığının təmin edilməsi məqsədilə büdcə gəlirlərinin əldə olunması, sahibkarlığın stimullaşdırılması və investisiyaların təşviqidir. Bu siyasətə uyğun olaraq, həmçinin “Dövlət rüsumu haqqında” Qanuna edilmiş dəyişikliklərin tələblərindən irəli gələrək, vergi bəyannamələrinin və hesabatların formalarında dəyişikliklər edilib. Vergi bəyannamələrinə və onların əlavələrinə edilmiş dəyişikliklər vergi inzibatçılığının təkmilləşdirilməsinə və bəyannamə formalarının sadələşdirilməsinə, ölkə iqtisadiyyatının davamlı inkişaf tempinə uyğun olaraq real vergi potensialının düzgün müəyyənləşdirilməsinə, bəyannamələr vasitəsilə əldə olunan məlumatların dəqiqləşdirilməsi hesabına vergiödəyicilərində keçirilən nəzarət tədbirlərinin sayının azaldılmasına xidmət edir.
Yeni Tvinninq layihəsi
Nazirlik Avropa İttifaqı ilə əməkdaşlığı davam etdirərək aprelin 17-də yeni layihənin - “Transfer qiymətlərinin müəyyən edilməsi və vergidən yayınma hallarına qarşı tədbirlərin işlənib hazırlanmasında Azərbaycan Respublikası Vergilər Nazirliyinə dəstək” Tvinninq layihəsinə başlayıb.
Yeni layihə transfer qiymətləndirməsinə dair qanunvericiliyin və praktiki məsələlərin inzibatçılığı, habelə transfer qiymətləndirməsi üzrə auditin tətbiqi və icra olunması sahələrində Avropa İttifaqı ölkələrinin uğurlu təcrübəsini öyrənməyə və gələcəkdə mövcud qaydaların daha da təkmilləşdirilməsinə xidmət edəcək. Layihənin məqsədi transfer qiymətləndirməsi sahəsində audit prosesləri üçün effektiv resursların yaradılması və səmərəli auditin tətbiqi istiqamətində Azərbaycanın Vergilər Nazirliyinə dəstək verməkdir. Layihə üzrə 3 əsas nəticənin əldə olunması qarşıya qoyulub.
Bu məqsədlərə transfer qiymətləndirməsi sahəsində qanunvericiliyin Avropa İttifaqı standartlarına uyğunlaşdırılması; transfer qiymətləndirməsi üzrə inzibati nəzarət mexanizmlərinin yaradılması; bu sahədə Vergilər Nazirliyinin institusional potensialının artırılması daxildir.
Biznes icmaları və vergiödəyiciləri ilə görüşlər
2018-ci ildə Vergilər Nazirliyinin rəhbər vəzifəli şəxsləri paytaxt və regionlarda vergiödəyiciləri ilə davamlı görüşlər keçiriblər. Bu cür tədbirlər nazirliyin bütün ərazi vergi orqanlarında, Milli Gəlirlər Departamenti, Bakı şəhəri Lokal Gəlirlər Departamenti və Bakı şəhəri Kiçik Sahibkarlıqla İş Departamentində təşkil olunub. Biznes icmaları ilə əməkdaşlığa mühüm önəm verən Vergilər Nazirliyi il ərzində Azərbaycanda Amerika Ticarət Palatası, Alman-Azərbaycan Xarici Ticarət Palatasına üzv olan şirkətlərin nümayəndələrinin iştirakı ilə görüşlər təşkil edərək vergi qanunvericiliyi, biznes mühitinin yaxşılaşdırılması və şəffaflıq məsələlərini müzakirə edib, iş adamlarını maraqlandıran suallar ətrafında fikir mübadiləsi aparıb.
Rəqəmsal Ticarət Qovşağı
2018-ci ildə Azərbaycanda elektron ticarətin innovativ platforması olan və e-kommersiya sahəsində dövlət-özəl sektor əməkdaşlığı üçün ən yaxşı model hesab edilən Rəqəmsal Ticarət Qovşağının (RTQ) fəaliyyətinin genişləndirilməsi istiqamətində zəruri addımlar atılıb.
RTQ-nin yaradılmasında iştirakçı dövlət orqanlarından olan Vergilər Nazirliyi tərəfindən xarici ölkələrlə elektron imza, o cümlədən “Asan İmza” sertifikatlarının qarşılıqlı tanınması istiqamətində mühüm işlər görülüb. Əcnəbilərə elektron rezidentliyin verilməsi üçün texniki baza formalaşdırılıb və qanunvericilik aktlarının tələbinə uyğun olaraq proqram təminatı hazırlanıb.
Oktyabrın 24-də qeyri-rezidentlərə ilk dəfə “Asan İmza” (elektron və mobil rezidentlik) təqdim olunub. Əcnəbi investorlara “Asan İmza”nın verilməsinin ölkəmizdə xarici investisiyalı müəssisələrin sayının və iqtisadiyyatın cəlbediciliyinin və xarici investisiyalı hüquqi şəxslərin sayının və coğrafiyasının artımı baxımından mühüm rol oynayır.
Strateji yol xəritələri üzrə görülmüş işlər
“Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə Strateji Yol xəritələri”nə uyğun olaraq, Vergilər Nazirliyi qarşısında qoyulmuş tapşırıqların icrası davam etdirilib.
Belə ki, 5 istiqamət üzrə əsas icraçı, 9 Strateji Yol xəritəsində 34 istiqamətdə digər icraçı qismində müəyyən edilən nazirlik tərəfindən hazırlanmış tədbirlər planının icrasına əsasən, kiçik və orta sahibkarlığın inkişafında stimullaşdırıcı vasitələrin tətbiqi, biznesin asanlaşdırılması, yoxlamaların təkmilləşdirilməsi, beynəlxalq reytinqlərdə mövqelərin yaxşılaşdırılması, səmərəli vergi sisteminin təşviq edilməsi, xarici investisiya strategiyasının həyata keçirilməsi, statistika infrastrukturunun təkmilləşdirilməsi istiqamətində işlər görülüb. Nazirliyin təqdim etdiyi layihələrə əsasən, qanunvericiliyə müvafiq dəyişikliklər edilib.
Vergi islahatları beynəlxalq hesabatlarda
Azərbaycanda mütərəqqi beynəlxalq təcrübənin tətbiqi sayəsində vergi inzibatçılığının təkmilləşdirilməsi, biznesin fəaliyyətinin yaxşılaşmasına şərait yaradan islahatların aparılması nüfuzlu beynəlxalq təşkilatların hesabatlarında yüksək qiymətləndirilib.
Dünya Bankının hazırladığı biznes mühitinin əlverişliliyi üzrə qiymət¬lən¬dirməni əks etdirən “Doing Business 2019” hesabatında iki indikator – “Biznesə başlama” (Starting business) və “Vergilərin ödənişi” (Paying taxes) birbaşa vergi məsələlərinə aiddir.
Azərbaycan hər iki göstərici üzrə mövqeyini əhəmiyyətli dərəcədə yaxşılaşdırıb, “Biznesə başlama” üzrə son bir ildə 18-ci yerdən 9-cu yerə, “Vergilərin ödənilməsi” indikatoru üzrə isə 35-ci yerdən 28-ci yerə yüksəlib. “Biznesə başlama” prosedurları üzrə respublikamız əksər region ölkələrini üstələyir.
Azərbaycanda bu göstərici üzrə prosedurların sayı cəmi 2 olduğu halda, Avropa və Mərkəzi Asiya ölkələrində orta hesabla 5, OECD ölkələrində isə 4,8 təşkil edir. Vaxt (gün) göstəricisi Azərbaycanda 3, Avropa və Mərkəzi Asiya ölkələrində 12,1; OECD ölkələrində 9,2-dir. Xərc indeksi üzrə (adambaşına düşən gəlirin faizi) Azərbaycanın əmsalı 1,3; Avropa və Mərkəzi Asiya ölkələrinin əmsalı 5,3; OECD ölkələrinin əmsalı 3,4-dür. Minimum kapital (adambaşına düşən gəlirin faizi) üzrə respublikamız 0 əmsalına, Avropa və Mərkəzi Asiya ölkələri 5,8; OECD ölkələri 8,8 əmsalına malikdir.
Hesabatın vergiyə aid digər göstəricisi olan “Vergilərin ödənilməsi” indeksi üzrə respublikamız MDB məkanında ilk yerlərdən birini tutur.
Vergi Məcəlləsinə əlavə və dəyişikliklər
2018-ci ildə vergi sahəsində qanunvericiliyin daha əhatəli və geniş şəkildə təkmilləşdirilməsi köklü dəyişikliklər kimi qiymətləndirilə bilər. Milli Məclisin noyabrın 30-da qəbul etdiyi “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Qanuna əsasən, Vergi Məcəlləsinə 250-dən artıq dəyişiklik edilib.
Dəyişikliklər beş əsas istiqaməti əhatə edir: sahibkarlığın dəstəklənməsi; vergidən yayınmanın və “kölgə iqtisadiyyatı”nın miqyasının azaldılması; vergitutma bazasının genişləndirilməsi; vergi inzibatçılığının təkmilləşdirilməsi; vergi güzəştlərinin
səmərəliliyinin yüksəldilməsi.
Prezident İlham Əliyevin dekabrın 20-də imzaladığı Fərmana əsasən, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu” təsdiq olunub.