“Mərkəzi Bank son dərəcə çətin, ancaq düzgün qərar qəbul etdi”.
FED.az xəbər verir ki, bu sözləri Türkiyə Mərkəzi Bankının iyulun 24-də faizlərin artırılmamasına dair qərarını şərh edən tanınmış iqtisadçı, ”Habertürk” saytının və “BloombergHT” telekanalının şərhçisi Rahim Ak deyib.
“FED-in keçən həftə faizləri artırma trendinin davam edəcəyini açıqlamasından sonra bazarda Türkiyə Mərkəzi Bankının da faizləri artıracağına dair gözlənti yaransa da, Mərkəzi Bank faizlərin artırılmamasını qərarlaşdırdı. Qərarı necə dəyərləndirirsiniz?”, - sualını cavablandıran R. Ak bildirib ki, qərar xəzinə və maliyyə naziri Berat Albayrak üçün ilk “məşq” idi: “Mənə görə, bütün gözləntilərə baxmayaraq, Mərkəzi Bank son dərəcə çətin, ancaq düzgün qərar qəbul etdi”.
R. Ak Türkiyədə faizlərin kifayət qədər yüksək olduğunu və müəyyən qrupların buradan böyük miqdarda pul qazandığını söyləyib. O, hökumətin daha əvvəl “bazar dostu” olduğunu açıqlamasına baxmayaraq, Mərkəzi Bankın faizləri artırmamasının faiz üzərindən pul qazananlara yaxşı dərs olduğunu vurğulayıb: “Türkiyədə onsuz da real faizlər çox yüksəkdir, ona görə də bazarda faizlərin yüksəldilməsi ilə bağlı gözlənti yaratmaq düzgün deyil. Bundan sonra faizlərin artırılması və ya azaldılması tədbirləri ilə heç nə etmək mümkün olmayacaq. Başda dövlət xərclərinin azaldılması olmaqla, kompleks tədbirlər görülməlidir. Bunun üçün qətiyyən yubanmaq olmaz. Faizlərin yüksəldilməməsi xaricdən gələn pulun azalmasına səbəb olacaq. Ancaq biz xaricdən əvvəl, öz evimizin qapısını təmizləməiyik. Gözlənilən iqtisadi problemlərin həlli üçün Türkiyə öz daxili imkan və ehtiyatlarını aktivləşdirməlidir. Dövlətin özünün kəmər sıxması görüləcək işlərin başında gəlir”.
Qeyd edək ki, Türkiyə Mərkəzi Bankı 24 iyulda keçirdiyi iclasda faizləri sabit saxlamağa dair qərar qəbul edib.