Azərbaycan prezidenti İlham Əliyev bəyan edib ki, ölkənin iqtisadi inkişafı ilə bağlı hər hansı bir risk görmür.
İlham Əliyev “Euronews” televiziyasına müsahibə verib - TAM MƏTN
FED.az xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İlham Əliyev “Euronews” televiziyasına müsahibəsində deyib.
“Səmimi desəm, mən hər hansı bir risk görmürəm. Çünki bu günədək bizim iqtisadi inkişafımız müsbət olub, hətta daha mürəkkəb geosiyasi vəziyyətdə belə. Hətta işğal dövründə bizim iqtisadiyyatımız inkişaf edib. İndi isə ərazi bütövlüyümüzü və suverenliyimizi tam bərpa etmişik. Biz genişmiqyaslı iqtisadi islahatlar aparırıq ki, büdcədə daha çox vəsait toplansın. Biz gömrük və vergi inzibatçılığı sahəsində olduqca uğurlu islahatlar həyata keçirmişik. Biz bütün dövlət şirkətlərimizdə korporativ idarəçilik sistemi yaratmışıq və bunun bəhrəsini görürük”.
Onun sözlərinə görə, Azərbaycan bağlantı layihələrindən böyük həcmdə mənfəət əldə olunacağına ümid edir.
“Artıq qeyd etdiyim kimi, biz Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərindən Azərbaycan ərazisindən keçən, müxtəlif istiqamətlərə daşınan 10 milyonlarla ton əlavə yük gözləyirik. Bu, məşğulluq, əlavə vəsait, Azərbaycanın geosiyasi əhəmiyyəti deməkdir”, - o qeyd edib.
İlham Əliyev əlavə edib: “Regionumuzun, Avrasiyanın xəritəsinə baxsanız görərsiniz ki, bütün əsas nəqliyyat marşrutları bizim ərazidən keçir. Biz ən müasir nəqliyyat infrastrukturunu yaratmışıq. Bu da əlavə imkanlar yaradacaq. Üstəgəl yüz minlərlə keçmiş məcburi köçkünü məskunlaşdırmağı planlaşdırdığımız Qarabağ və Şərqi Zəngəzurun azad edilmiş əraziləri - bu da əlavə aparıcı qüvvə olacaqdır. Beləliklə, səmimi desəm nə iqtisadi sahədə, nə də digər sahədə ölkəmiz üçün hər hansı bir potensial riskləri görmürəm”.