İqtisadiyyat naziri Mikayıl Cabbarov Yaponiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Cuniçi Vada ilə görüşüb.
Nazirlikdən FED.az-a verilən məlumata əsasən, Mikayıl Cabbarov Azərbaycanın Yaponiya ilə əlaqələrin inkişafına önəm verdiyini, ölkələrimiz arasında iqtisadi əməkdaşlığın genişləndiyini qeyd edib.
Azərbaycan-Yaponiya ticarət əlaqələrinin inkişafının əhəmiyyətini vurğulayan nazir ölkələrimiz arasında tərəfdaşlığın inkişaf perspektivlərini diqqətə çatdırıb, rəqəmsal iqtisadiyyat və dördüncü sənaye inqilabı texnologiyalarının tətbiqi, rəqəmsallaşma sahəsində təcrübə mübadiləsi, enerji və digər sahələrin əməkdaşlığın prioritet istiqamətlərindən olduğunu diqqətə çatdırıb.
Görüşdə Tokioda “Azərbaycan Ticarət Evi”nin və Bakıda “Japan Premium House”un yaradılması layihələrinin ikitərəfli iqtisadi-ticarət əməkdaşlığının inkişafına əhəmiyyətli töhfə verəcəyi qeyd edilib. Bildirilib ki, biznes forumların, ticarət missiyalarının təşkili, eləcə də sərgilərdə iştirak işgüzar dairələr arasında birbaşa təmasların qurulmasında, əməkdaşlığın inkişafında əlverişli mexanizmlər ola bilər.
Yaponiyanın Azərbaycandakı səfiri Cuniçi Vada “2022 Azərbaycan - Yaponiya Dostluq İli” çərçivəsində həyata keçiriləcək tədbirlər barədə fikirlərini bölüşüb, Azərbaycan-Yaponiya əlaqələrinin daha da möhkəmlənəcəyinə əminliyini vurğulayıb.
Tərəflər ölkələrimiz arasında sərmayələrin təşviqi və qorunması haqqında Sazişin, gəlirə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında yeni Konvensiyanın imzalanmasının sürətləndirilməsi, energetika, ətraf mühit, “yaşıl” enerji layihələri üzrə əməkdaşlıq və s. məsələlər barədə fikir mübadiləsi aparıblar.