«Kristal» tikinti şirkəti Bakı və Sumqayıtda həyata keçirldiyi layihələrdə mənzillərin satış qiymətlərini aşağı salmağı planlaşdırmır.
Bakının tikinti sektorunun təhlili: trendlər, problemlər və yeni standartlar - “Kristal”ın rəhbəri - MAHAYƏT NƏBİYEVLƏ MÜSAHİBƏ
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu barədə şirkətin rəhbəri, “Kristal”ın Müşahidə Şurasının sədri, tanınmış sahibkar Mahayət Nəbiyev bildirib.
“Kristal”ın layihələrindəki qiymətlər barədə məlumat verən şirkət rəhbəri qeyd edib ki, maya dəyərini formalaşdıran amillər var və bunları nəzərə alaraq qiymətlərin aşağı salınması gözlənilmir.
Mahayət Nəbiyev şirkətin 2 populyar layihəsindəki qiymətləri xatırladıb:
“Park Yasamal”da tam və keyfiyyətli təmirli mənzillərin bir kvadratmetrinin qiyməti 2200–2400 manat arasında dəyişir. Beləliklə, tam hazır üç otaqlı mənzilin qiyməti təxminən 150 min manat təşkil edir. Faydalı sahəni nəzərə alsaq, bu, Bakı üçün olduqca əlçatan və rəqabət qabiliyyətli təklifdir.
“City Garden” layihəsində qiymətlər nisbətən yüksəkdir — bir kvadratmetr üçün təxminən 3000–3200 manat. Lakin burada layihənin seqmenti də fərqlidir. Bununla belə, mənzillər yenə də tam təmirli şəkildə təhvil verilir».
Qiymətlərin aşağı endirilməsi isə gözlənilmir: «Qiymətləri aşağı salmağı planlaşdırmırıq. Çünki tikintinin obyektiv maya dəyəri var. Mənzilləri maya dəyərindən aşağı qiymətə satmaq mümkün deyil. Bu, layihələrin dayanmasına səbəb ola bilər»-deyə iş adamı bildirib.














